QUŞ QRİPİNDƏN NECƏ QORUNMALI?
Bir sıra hallarda xəstə quşların yaxşı bişməmiş əti və yumurtaları ilə qidalanma nəticəsində insanın virusa yoluxması mümkündür. Xəstə quşların ifrazatı da təhlükəlidir. Çünki ifrazatla bitkilərə, havaya, suya düşən virusa adam su içəndə, çiməndə, habelə hava-damcı, hava-toz yolu ilə, çirkli əllər vasitəsilə yoluxa bilər. Yadda saxlamaq lazımdır ki, mənfi temperaturlarda quş qripi virusu salamat qalır, lakin Selsi ilə 70 dərəcəyədək istilik virusu bir neçə dəqiqəyə məhv edir.
Xəstəliyə yoluxma ilə onun ilk əlamətlərinə qədər bir neçə saat, yaxud 5 gün keçə bilər. Xəstəlik titrətmə ilə başlanır, hərarət 38 dərəcəyə qalxır və daha yüksək olur, əzələ, baş və boğaz ağrıları ilə müşayiət edilir. Mədənin pozulması qusma halları mümkündür. Xəstənin vəziyyəti sürətlə pisləşir. 2-3 gündən sonra qan qarışıq bəlğəmli öskürək, təngnəfəslik müşahidə olunur. Sonra tənəffüs çətinləşə bilər. Qaraciyərin, böyrəklərin və beynin zədələnməsi də isisna deyildir.
Xəstəliyin ilk əlamətləri müşahidə edildikdən dərhal sonra diaqnoz qoyulması və müvafiq müalicə təyin olunması üçün həkimə müraciət edilməlidir. Müalicənin gecikdirilməsi fəsadların inkişafına gətirib çıxarır.
Xəstəliyin ilk günlərində virus əleyhinə preparatlar: qamma-interferon, remantadin, arbidol, algirem, qripferon, sikloferon və amiksin təyin olunur. Bundan əlavə, DST xarici dərmanlardan ozeltamivir (Tamiflyu) və zanavimir (Relenza) qəbul etməyi məsləhət görür. Tərkibində salisil turşusu olan preparatlar quş qripinin müalicəsi üçün məsləhət görülmür.
Profilaktik tədbirlər kimi həyətyanı təsərrüfatlarda, bazarlarda və açıq sututarlarda ev quşları və vəhşi quşlarla təmasdan çəkinmək lazımdır. Ev quşlarını yalnız həyətlərə çıxarıb yemləmək olar. Quş qripi virusunun qeydə alındığı ərazilərdə icazəsiz ticarət obyektlərindən quş əti və yumurta almaq məsləhət görülmür. Butulka suyundan və qaynadılmış sudan içmək məsləhətdir. Adamların sıx toplaşdıqları yerləri və nəqliyyat vasitələrini virus əleyhinə preparatlarla dezinfeksiya etmək lazımdır.