Qusarda “Himayədar ailə” qayğı modelinin təbliği məqsədilə növbəti ictimai dinləmə olub
Bakı, 22 may, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən Qusar rayonunda ictimai dinləmə təşkil edilib. Qusar rayon Heydər Əliyev Mərkəzində keçirilən tədbir “Himayədar ailə” qayğı modeli barədə məlumatlandırma mövzusuna həsr olunub.
Agentliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, görüşdə dövlət və bələdiyyə orqanlarının nümayəndələri, qeyri-hökumət təşkilatının təmsilçisi, təhsil işçiləri, eləcə də mövzu ilə bağlı müraciət edən vətəndaşlar iştirak ediblər. İştirakçılar arasında himayədar ailələr də yer alıb.
Ümumilikdə 100-ə yaxın şəxsin iştirak etdiyi tədbir zamanı “Himayədar ailə” qayğı modeli, bu modelin üstünlükləri, müraciət formaları və digər vacib məqamlar barədə iştirakçılara məlumat verilib. “Himayədar ailə” institutunun hüquqi əsasları və himayədar valideyn olmaq istəyən şəxslərin qiymətləndirmə prosesi barədə təqdimatlar edilib.
Yekunda mövzuya dair müzakirələr aparılıb və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.