QUZANLI QƏSƏBƏSİ DƏYİŞİR, İNKİŞAF EDİR
AZƏRTAC xəbər verir ki, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı və “Ağdam rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında” ölkə başçısının Sərəncamı, aparılan quruculuq-abadlıq işləri və sosial-iqtisadi islahatlar sayəsində Ağdam rayonu, o cümlədən Quzanlı qəsəbəsi dəyişir, inkişaf edir.
Keçən dövr ərzində Quzanlı qəsəbəsində Heydər Əliyev muzeyi, Olimpiya İdman Kompleksi, Yeni Azərbaycan Partiyası rayon təşkilatının, 118 nömrəli şəhər və 119 nömrəli kənd seçki dairələri dairə seçki komissiyalarının, Dövlət Sosial Müdafiə Fondu rayon şöbəsinin, Poçtamtın, orta ixtisas musiqi texnikumunun, orta məktəbin, İnternetklubun, Dövlət yanğından mühafizə hissəsinin binaları tikilib istifadəyə verilmiş, qəsəbənin mərkəzində ümummilli lider Heydər Əliyevin abidəsi ucaldılmışdır. Yollara asfalt salınmış, küçələrin kənarlarına hasarlar çəkilmiş, vaxtilə plansız tikilmiş ticarət obyektləri, yöndəmsiz köşklər ləğv edilərək yeniləri ilə əvəz olunmuşdur.
Quzanlı qəsəbəsində aparılan geniş tikinti-quruculuq işləri hazırda davam etdirilir. Yeni binalar tikilir, yolar abadlaşdırılır, küçələr işıqlandırılır. Hazırda qəsəbədə 50 çarpayılıq mərkəzi rayon xəstəxanası, 120 yerlik uşaq bağçası, əhalinin sosial müdafiəsi və məşğulluq mərkəzləri, Əlillərin sosial müdafiəsi fondu, Kapitalbank ASC-nin Ağdam rayon filialı, Fövqəladə Hallar Nazirliyinin regional idarəsi üçün binaların, “Şəhidlər” abidə kompleksinin tikintisi davam edir, orta məktəb binası əsaslı təmir olunur.
“Ağdam rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında” Prezident İlham Əliyevin Sərəncamı, Quzanlı Qəsəbəsində aparılan geniş tikinti-quruculuq işləri ölkə başçısının Ağdama, onun sosial-iqtisadi inkişafına göstərdiyi diqqətin bariz nümunəsidir.