RABİTƏ NAZİRLİYİNDƏ KOLLEGİYA İCLASI KEÇİRİLMİŞDİR
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, iclası giriş sözü ilə açan rabitə naziri Nadir Əhmədov respublika Prezidentinin “Əhalinin və iqtisadiyyatın enerji daşıyıcıları ilə təminatının yaxşılaşdırılması tədbirləri haqqında” 2000-ci il 29 iyun tarixli Fərmanı ilə əlaqədar aparılan islahatların əhəmiyyətindən danışmış və cari ilin 9 ayında rabitə müəssisələrinin qənaətbəxş nəticələr qazandıqlarını diqqətə çatdırmışdır. Natiq qeyd etmişdir ki, həmin müddətdə nazirlik üzrə elektrik enerjisi, su və təbii qazdan istifadə xərcləri üçün nəzərdə tutulmuş limitə xeyli qənaət olunmuşdur.
İclasda çıxış edən idarə və müəssisə rəhbərləri hələ də bəzi yerlərdə nöqsan və çatışmazlıqların olduğunu vurğulamış və onların aradan qaldırılması yolları barədə təklif və rəylərini bildirmişlər.
Nazir qeyd olunan sahələrdə nəzarətin gücləndirilməsinin, limitdən artıq xərclərə yol verilməməsinin, sayğac və ölçü cihazlarının texniki normalara uyğunlaşdırılmasının, həmçinin elektrik enerjisi, su və təbii qaza olan borcların vaxtında ödənilməsinin zəruriliyini vurğulamışdır. O, eyni zamanda, kommunal xidmətlərdən daha qənaətlə istifadə edilməsi məqsədi ilə mütəxəssis təkliflərindən ibarət texniki tədbirlər planı hazırlanmasının vacibliyindən də söz açmışdır.
Kollegiyaya yekun vuran nazir Prezident İlham Əliyevin Nazirlər Kabinetinin ilk iclasında “...Azərbaycanda, ilk növbədə, maliyyə intizamı olmalıdır”, “Hər birinizin gələcək fəaliyyəti nəticələrdən asılı olacaqdır. Bütün sahələrdə nəticələr olmalıdır” fikirlərini bir daha rabitəçilərin diqqətinə çatdırmışdır.