RADOVAN KARACİÇ BEYNƏLXALQ HAAQA TRİBUNALINDA İLK İFADƏSİNİ VERƏCƏKDİR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, iyulun 30-da Haaqaya gətirilən Bosniya serblərinin lideri, 1992-95-ci illərdə Bosniya müsəlmanlarına qarşı törədilmiş kütləvi soyqırımların birbaşa təşkilatçısı və bir çox müharibə cinayətlərində təqsirli bilinən Radovan Karaciç bu gün keçmiş Yuqoslaviya üzrə Beynəlxalq Haaqa Tribunalında hakim qarşısında ilk ifadəsini verəcəkdir.
Yerli vaxtla saat 16.00 radələrində keçiriləcək və formal xarakter daşıyan ilkin dindirilmə R.Karaciçə qarşı sürülən ittihamların ona izah edilməsi, eləcə də ittihamların mahiyyətinin anladılmasına xidmət edəcəkdir. İlkin dindirilmədə R.Karaciç özünü günahkar hesab edib-etmədəyini elan etmə imkanına malik olacaqdır.
Xatırladaq ki, R.Karaciç ötən əsrin 90-cı illərində Bosniya və Hersoqovinada soyqırım, insanlığa qarşı cinayət və müsəlman əhalisinə qarşı qətliamlar törətməkdə ittiham olunur. İttihamnamədə, həmçinin, onun rəhbərliyi ilə çoxlu sayda kütləvi güllələmə halları, Sarayevo şəhərinin dörd ilədək mühasirədə saxlanılmasında təşkilatçılıq və bu zaman minlərlə dinc əhalinin qətlə yetirilməsi faktları öz əksini tapır.
Baş ittihamçı Serj Brammerts keçirdiyi mətbuat konfransında Slobodan Miloşeviçin barəsində dörd il sürən və onun ölümünə görə hökm çıxarılmadan xətm olunan məhkəmə prosesinə işarə edərək, R.Karaciç barəsində məhkəmə prosesini mümkün qədər tez və effektiv keçirilməsinin tərəfdarı olduğunu bildirmişdir. Baş ittihamçı həmçinin qeyd etmişdir ki, digər cinayətkar - Bosniya serblərinin ordusunun keçmiş ali baş komandanı, general Ratko Mladiç yaxın müddətdə həbs edildiyi təqdirdə, Mladiç və Karaciç barəsində birgə məhkəmə prosesi keçirilməsi mümkündür.
Radovan Karaciç Beynəlxalq Haaqa Tribunalında müttəhim kürsüsündə əyləşməli olan 44-cü keçmiş Yuqoslaviya vətəndaşıdır. Vaxtilə Serbiyanın keçmiş Prezidenti Slobodan Miloşeviç etdiyi kimi R.Karaciç də məhkəmədə vəkildən imtina edərək, müdafiəni öz üzərinə götürmüşdür.