RADOVAN KARACİÇ BU HƏFTƏNİN SONUNDA BEYNƏLXALQ HAAQA TRİBUNALINA TƏHVİL VERİLƏ BİLƏR
AZƏRTAC-ın xüsusi müxbiri “Reuters” agentliyinə istinadla xəbər verir ki, Bosniya serblərinin lideri, 1992-95-ci illərdə Bosniya müsəlmanlarına qarşı törədilmiş kütləvi soyqırımların birbaşa təşkilatçısı və bir çox müharibə cinayətlərində təqsirli bilinən Radovan Karaciç bu həftənin sonunda keçmiş Yuqoslaviya üzrə Beynəlxalq Haaqa Tribunalına təhvil verilə bilər. Bu açıqlamanı çərşənbə günü müharibə cinayətləri üzrə Serbiya xüsusi məhkəməsinin nümayəndəsi Bruno Vekariç vermişdir. Onun sözlərinə görə, dəqiq gün hələ təyin edilməmişdir və məhkəminin qərarı elan edildikdən sonra R.Karaciçin vəkili vasitəsilə üç gün müddətində kassasiya şikayəti vermək imkanı olacaqdır.
63 yaşlı R.Karaciç soyqırımı, insanlığa qarşı müharibə cinayətləri törətməkdə ittiham olunur. Onun təqsirli bilindiyi ən amansız cinayətlərdən biri 1995-ci ilin iyulunda törədilən və 8 min günahsız Bosniya müsəlmanının qətlə yetirildiyi Srebrenitsa soyqırımıdır.
R.Karaciçin vəkili Svetozar Vuyaçiç bildirmişdir ki, mandantını müdafiə etmək üçün Serbiyada vəkillər qrupu yaradılsa da, o, Haaqa tribunalı qarşısında özünü təkbaşına müdafiə etmək fikrindədir. Mandantının təhqiqatçılarla danışmadığını qeyd edən S.Vuyaçiç onun hazırda fiziki və ruhi vəziyyətinin sabit olduğunu və özünü susmaqla müdafiə etdiyini söyləmişdir.
Qeyd edək ki, Bosniya müsəlmanlarına qarşı etnik təmizləmə siyasəti yürüdən və 18 mindən artıq günahsız insanın qətlə yetirilməsində birbaşa təqsirli olan Radovan Karaciç beynəlxalq axtarışda olduğu illər ərzində Serbiyanın paytaxtı Belqrad şəhərində saxta sənədlərlə və xarici görünüşünü dəyişərək yaşamışdır. Peşəcə psixiatr olan Karaciç burada özəl klinikaların birində alternativ təbabət metodları ilə tanınan “doktor Draqan Dabiç” adı altında işləmişdir.
Digər müharibə cinayətkarlarının axtarış prosesinə mənfi təsir göstərməməsi üçün, Serbiya hökuməti R.Karaciçin həbsi əməliyyatının detalları barədə açıqlama verməmişdir. Təhqiqatçıların hədəfindəki növbəti cinayətkar Bosniya müharibəsi (1992-1995-ci illər) zamanı serb qoşunlarına rəhbərlik edən general Ratko Mladiçdir.