“RAGT RUSİYADA YAŞAYAN HƏR BİR GƏNC HƏMVƏTƏNİMİZİN ARZUSUDUR”
Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının (RAGT) təşəbbüsü ilə respublikamızda təşkil edilmiş “Azərbaycan sivilizasiyaların qovuşuğunda” mövzusunda yay seminarı başa çatmışdır. Rusiyanın aparıcı ali məktəblərinin tələbələri Bakı, Şəki, Gəncə şəhərlərində və İsmayıllı rayonunda olmuş, qarşılıqlı dostluq və əməkdaşlıq münasibətlərini möhkəmlətmək məqsədi ilə məxsusi olaraq qonaqlar üçün təşkil edilmiş konfranslarda, seminarlarda və “dəyirmi masa” görüşlərində iştirak etmişlər.
RAGT-nin mətbuat mərkəzindən AZƏRTAC-a verilən məlumata görə, Rusiyanın Federasiyası ərazisində yaşayan azərbaycanlı gənclərin təşəbbüsü ilə bu yaxınlarda yaradılmış Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatı beynəlxalq əməkdaşlıq sahəsində işi yeni səviyyəyə çatdırmışdır. Qısa müddətdə RAGT dinamik inkişaf edən, gələcəkdə daha sanballı işlər planlaşdıran struktura çevrilmişdir. Bu təşkilat hələ 2007-ci il noyabrın 28-də - Heydər Əliyev Fondunun Rusiyadakı Nümayəndəliyində Azərbaycan diasporu və azərbaycanlı gənclərlə görüş təşkil edilən gün özünün sıx birləşmiş bir qurum olduğunu sübut etmişdir. Bu tədbir inandırıcı şəkildə göstərdi ki, Rusiyada yaşayan gənc azərbaycanlıların birləşdirilməsi təşəbbüsü reallaşmasına ciddi ehtiyac olan ideya və RF-də yaşayan hər bir gənc həmvətənmizin arzusudur.
Nikbinlik romantiklərə xas olan cəhətdir. Lakin indiki halda Azərbaycan dövlətinin istər ölkə daxilində, istərsə də onun hüdudlarından kənarda gənclərin müxtəlif layihələrinin həyata keçirilməsi sahəsində ciddi siyasətindən söhbət gedir. Azərbaycan diasporu mühitində yaranan təşkilatların sayının çoxluğu onu göstərir ki, taleyin hökmü ilə dünyanın bütün guşələrinə səpələnmiş həmvətənlərimiz öz soykökünü, dilini və milli mədəniyyətini unutmaq fikrində deyil. Rusiyada yaşayan azərbaycanlı tələbələrin, aspirantların, eləcə də yaşı 16 və daha çox olan adi sakinlərin sayını nəzərə alsaq, inamla deyə bilərik ki, belə bir təşkilatın yaradılması zəruri idi. Əlbəttə, hələ öyünmək tezdir, lakin qazanılmış uğurları görməmək haqsızlıq olardı.
İndi çoxları yazır ki, Azərbaycan Prezidentinin qızı Leyla Əliyeva həm Rusiyada, həm də onun hüdudlarından kənarda istənilən layihədə lider ola bilərdi. Lakin onun gənc azərbaycanlıları birləşdirməyi və onlara başçılıq etməyi qərara alması Leyla xanımın həm bir şəxsiyyət kimi, həm də öz xalqının övladı kimi yüksək sosial və vətəndaş məsuliyyətindən xəbər verir.
RAGT-nin sədri kimi Leyla Əliyeva Rusiyadakı gənclərimizi birləşdirməyə, RAGT-nin xaricdə təmsil etməyə, xarici ölkələrin müvafiq təşkilatları ilə əlaqələri inkişaf etdirməyə, RAGT-nin məqsəd və vəzifələrini, azərbaycanlı gənclərin həyatı barədə məlumatı onlara çatdırmağa çalışır.
RAGT-nin nümayəndələri Rusiya tələbələri birliyinə fəal inteqrasiya etməyə çalışır, təhsil aldıqları ali məktəbləri müxtəlif tədbirlərdə uğurla təmsil edirlər. Əlamətdar haldır ki, MDU-nun Əcnəbi tələbələr şurasının sədr əvəzi artıq neçənci dəfədir ki, RAGT-nin nümayəndəsi, milliyyətcə azərbaycanlı seçilmişdir. Bu, gənc soydaşlarımızın imicinin yüksəlməsindən xəbər verir.
Müxtəlif ölkələrdən gəlmiş, Azərbaycan diasporunun gənc nümayəndələrini birləşdirməyə, onların başqa millətlərdən olan yaşıdları ilə qarşılıqlı əlaqələrinin möhkəmləndirilməsinə yönəlmiş bu güclü fəaliyyəti müşahidə edən tələbələr RAGT ideyalarına qoşulurlar. Məsələn, bu təşkilatda rus, ukraynalı, alman, türkmən, qazax, belarus və başqa millətləri təmsil edən fəal gənclər toplaşmışdır. Onlar RAGT-nin demək olar ki, bütün tədbirlərində fəal iştirak edirlər. Məsələn, onların çoxu Xocalı faciəsinə həsr olunmuş konfransda çıxış etmişlər. Moskva Dövlət Linqvistika Universitetində təhsil alan rus qızı və Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda oxuyan gənc alman tələbə isə Xocalıda bəşəriyyət əleyhinə törədilmiş soyqırımı haqqında məruzə etmişlər.
Bir sözlə, RAGT işə fəal başlamışdır, bir neçə mühüm tədbir keçirilmişdir. Məsələn Sankt-Peterburqda gənclərin təşəbbüsü hərarətlə qarşılanmış, qarşılıqlı əməkdaşlıq arzusu vurğulanmış, 20 Yanvar faciəsi qurbanlarının xatirəsinə həsr edilmiş mətbuat konfransı keçirilmişdir. Burada “Biz həyatı sevirik” adlı tədbirin gedişində isə Heydər Əliyev Fondu və RAGT əlil uşaqlar üçün təşkil olunmuş bayramın unudulmaz hadisəyə çevrilməsi üçün əlindən gələni etmişdir. “Xocalı.16 il sonra” mövzusunda elmi-praktik konfrans da uğurlu keçmişdir. “Qanın milləti yoxdur” adlı nadir tədbirdə isə azərbaycanlı gənclərin nümayəndələri N.N.Bloxin adına onkoloji klinikada müalicə olunan pasiyentlər üçün qan vermişlər. Belə misallardan çox göstərmək olar.
RAGT yaxın gələcəkdə təsis tədbiri keçirməyi planlaşdırır. Həmin tədbirdən sonra təşkilat hüquqi cəhətdən Rusiyadakı gənclərimizin rəsmi nümayəndəsi sayıla biləcəkdir. Onu da deyək ki, bir qayda olaraq, “aşağıdan yuxarıya doğru” prinsipi üzrə yaradılan qurumlar daha səmərəli işləyirlər. Fəaliyyətinə yerli gənclərlə işdən başlayan RAGT özünün məntiqi təşkilatlanma mərhələsinə doğru irəliləyir. Təsis konfransında RAGT-nin Rusiyadakı bütün regional bölmələrinin nümayəndələri iştirak edəcəklər. Ümid edirik ki, bu tədbir RAGT-nin tarixində növbəti uğurlu dövrün başlanğıcını qoyacaqdır.
RAGT-nin fəaliyyətinin əsas istiqaməti yüksək peşəkarlıq və öz planlarının həyata keçirilməsində ardıcıllıqdır. RAGT-nin təşkili ilə Rusiyada yaşayan gənc azərbaycanlıların yetərli qarşılıqlı əlaqəsi üçün müsbət platforma yaranmışdır.
######
