“Red Bull” RB15 bolidini yeni dizaynda təqdim edib
Bakı, 14 fevral, AZƏRTAC
Avstriyanın Formula 1 komandası - “Red Bull” 2019-cu il mövsümündə istifadə edəcəyi RB15 bolidinin yeni dizaynda ilk fotolarını dərc edib.
AZƏRTAC xəbər verir ki, dizaynı əhəmiyyətli dərəcədə dəyişdirilən RB15 qırmızı-göy rənglərə boyanıb. Doğrudur, “Red-Bull”un mətbuat üçün rəsmi məlumatında deyilir ki, bolidin indiki rənglərindən yalnız onun sürülüb yoxlanılması üçün istifadə ediləcək. Çox güman, Formula 1-in fevralın 18-də Barselonada keçiriləcək ilk rəsmi testlərinə qədər RB15 “Red Bull” üçün daha ənənəvi olan dizaynına qayıdacaq.
2019-cu il mövsümündə “Red Bull”un pilotları Maks Ferstappen və Pyer Qasli olacaq. Formula 1 tarixində ilk dəfə Avstriya komandasının bolidində “Honda”nın güc qurğuları quraşdırılacaq.