Region gəncləri tarixi Zəfərimizin birinci ildönümünü sevinclə qeyd ediblər
Bakı, 8 noyabr, AZƏRTAC
Sentyabrın 27-dən başlayan və 44 gün davam edən Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuz 30 ilə yaxın işğal altında olan ərazilərimizə, Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşaya üçrəngli bayrağımızı sancıb, ərazi bütövlüyümüzü bərpa edib.
Gənclərin İnkişaf və Karyera Mərkəzindən AZƏRTAC-a bildiriblər ki, tarixi qələbəmizin birinci ildönümünü region gəncləri də xüsusi qeyd edib, müxtəlif tədbirlər təşkil ediblər.
Tədbirlər Gənclərin İnkişaf və Karyera Mərkəzinin 51 şəhər və rayonda fəaliyyət göstərən nümayəndəliklərinin təşkilatçılığı ilə həyata keçirilib və yürüşlərlə başlayıb. Gənclər rayon ərazisində yerləşən Bayraq meydanları, Şəhidlər xiyabanlarına yürüş ediblər. Həmçinin rayonlarda “Qarabağ Azərbaycandır”, “Zəfər” sözlərinin və “Xarıbülbül” simvolunun əks olunduğu fləşmoblar həyata keçiriblər.
Bölgələrdə böyük Zəfərimizə həsr edilmiş rəsm sərgisi, ekoloji və sosial aksiyalar keçirilib. Eləcə də şeir müsabiqələri, intellektual və hərbi yarışlar təşkil edilib, müxtəlif videoçarxlar hazırlanıb, rayonun müxtəlif yerlərində və sosial şəbəkələrdə nümayiş olunub.
Tədbirlərdə Prezident İlham Əliyevin “Bizim gənclər artıq müzəffər xalqın nümayəndələri kimi böyüyəcəklər” fikrinin gənclərdə böyük ruh yüksəkliyi yaratdığı qeyd edilib. Gənclərimiz Azərbaycanın bundan sonra daha da inkişaf etməsi, qüdrətlənməsi və gələcək zəfərlərimiz naminə dövlətimizin başçısının ətrafında daha sıx birləşəcəklərini vurğulayıblar.
Zəfər bizimdir, Qarabağ Azərbaycandır!