REGİONLARDA SAXLAMA ANBARLARI İSTİFADƏYƏ VERİLİR
Kənd Təsərrüfatı Nazirliynin şöbə müdiri Sabir Vəliyev AZƏRTAC-a bildirmişdir ki, Prezident İlham Əliyevin Sərəncamı ilə şəhər və rayonlarda yeni tədarük-satış bazaları və saxlama anbarlarının istifadəyə verilməsi fermerlərin razılığına səbəb olmuşdur. Bu anbarlarda kənd təsərrüfatı məhsullarını uzun müddət saxlamaq mümkündür.
S.Vəliyevin sözlərinə görə, uzun illərdir bölgələrdə müvafiq saxlama kameraları olmadığından fermerlər istehsal etdikləri məhsulları saxlamaqda çətinlik çəkirdilər. Saxlama şəraitinin olmaması üzündən məhsullar xarab olur, son nəticədə istehsalçının ziyanla işləməsinə gətirib çıxarırdı. Samux rayonunda istifadəyə verilmiş soyuducu anbarlar gücünə və quraşdırılan müasir avadanlığına görə nəinki Azərbaycanda, həm də Qafqazda yeganədir. Digər yaxın rayonlardan da məhsul qəbul edən anbarlarda 25 min ton kənd təsərrüfatı məhsulunu uzun müddət saxlamaq mümkündür. Artıq fermerlərdən 15 min ton məhsulu saxlamaq üçün sifariş alınmışdır. Ölkə bazarlarının tələbatı ödənildikdən sonra məhsulun bir hissəsi xarici ölkələrə ixrac ediləcəkdir. Qısa müddətdə saxlama kameralarına 5 min tona yaxın məhsul yığılmışdır.
Şöbə müdiri məlumat vermişdir ki, ölkə rəhbərliyinin qərarı ilə artıq Cəlilabadda 50 min tonluq saxlama müəssisəsi inşa olunmuş bir neçə anbar isə tikilməkdədir.
Bakı və Sumqayıtda da tədarük bazalarının yaradılması planlaşdırılır. Ümumiyyətlə isə, Azərbaycanın kənd təsərrüfatı məhsullarına Rusiya, Ukrayna və Belarusda tələbat olması saxlama anbarlarının sayının artırılması zərurətini yaratmışdır. Hazırda xarici ölkə bazarlarının tələb və təklifi yenidən araşdırılır, ixrac ediləcək məhsulun həcmi və çeşidinin öyrənilməsi ilə bağlı danışıqlar aparılır.