Rem Qvamiçava: Azərbaycan rəhbərliyi səhiyyənin inkişafına böyük qayğı göstərir
Bakı, 9 noyabr (AZƏRTAC). “Beş il ərzində Azərbaycan çox dəyişmişdir və mən bu uğurlu inkişafla əlaqədar hamını təbrik etmək istəyirəm. Biz Azərbaycan Səhiyyə Nazirliyinin Milli Onkologiya Mərkəzində olduq. İnamla demək olar ki, bu Mərkəz bütün müasir standartlara cavab verir. Onun dövlət müəssisəsi olması isə ölkə rəhbərliyinin səhiyyənin inkişafına xüsusi diqqət və qayğı göstərdiyini bir daha sübut edir”.
Bu sözləri “Kolorektal xərçəngin müalicəsinin müasir aspektləri” mövzusunda Bakıda keçirilmiş Beynəlxalq konfransda iştirak edən Gürcüstan Klinik Onkologiya Cəmiyyətinin prezidenti, cərrah-onkoloq, professor Rem Qvamiçava AZƏRTAC-a müsahibəsində söyləmişdir.
Rem Qvamiçava demişdir: “Hər bir müvəffəqiyyətdə rəhbərin xidməti vardır. Belə uğurlu inkişafla əlaqədar Azərbaycan Səhiyyə Nazirliyinin Milli Onkologiya Mərkəzinin baş direktoru akademik Cəmil Əliyevi təbrik etmək istərdim”.
Gürcüstan Klinik Onkologiya Cəmiyyətinin prezidenti qeyd etmişdir ki, kolorektal xərçəng onkoloji xəstəliklər arasında ilk yerlərdən birini tutur. Problem çox ciddidir və onkoloqlar bu xəstəliyə qarşı birgə mübarizə aparmaq niyyətindədirlər. Bugünkü tədbirdə Azərbaycan, Gürcüstan, Türkiyə və Avropa həkimləri arasında təcrübə mübadiləsi aparılmışdır. O demişdir: “Düşünürəm ki, biz Qərb həmkarlarımızın təcrübəsindən çox şey öyrənə bilərik. Eyni zamanda bu xəstəliklə mübarizədə öz təcrübəmizi həmkarlarımıza təklif edə bilərik”.