Rəsədxananın elmi cihaz bazası yenilənir
Bakı, 17 avqust, AZƏRTAC
Son illərdə əldə edilmiş uğurları daha da artırmaq və Azərbaycanda astronomiyanın dünya elminin ən qabaqcıl səviyyələrinə çıxması üçün Şamaxı Astrofizika Rəsədxanasının böyük potensial imkanları mövcuddur. Rəsədxananın yerləşdiyi təbii coğrafi mövqe göy sferasının həm cənub, həm də şimal hissəsinin kifayət qədər geniş sahəsini müşahidə etməyə imkan verir. Bunun üçün rəsədxanada mövcud cihaz parkının müasirləşdirilməsi, teleskopların idarə sisteminin avtomatlaşdırılması və onların beynəlxalq teleskoplar şəbəkəsinə qoşulmasını təmin etmək zəruridir.
Bu barədə AMEA Fizika Riyaziyyat və Texnika Elmləri Bölməsinin Ümumi yığıncağının növbəti onlayn iclasında rəsədxananın baş direktoru, AMEA-nın müxbir üzvü Namiq Cəlilov məlumat verib.
Fizika Riyaziyyat və Texnika Elmləri Bölməsindən AZƏRTAC-a bildirilib ki, Namiq Cəlilov dünyanın əksər aparıcı astronomik elmi mərkəzlərinin atmosferdənkənar müşahidələri həyata keçirən kosmik missiyalara qoşulduğunu və yaradılmış beynəlxalq konsorsiumlarla əməkdaşlıq etdiklərini vurğulayıb. Onun sözlərinə görə, Şamaxı Astrofizika Rəsədxanasında da bu istiqamətdə ilk addımlar atılıb. Lakin prosesin daha da dərinləşməsi elmi cihaz bazasının yenilənməsi ilə birbaşa bağlıdır. Bu sahədə atılacaq addımlar beynəlxalq əlaqələrin ciddi şəkildə genişlənməsinə və elmi fəaliyyətin keyfiyyətcə yüksəlməsinə kömək edə bilər.