Respublika Diaqnostika Mərkəzində oftalmologiya korpusu açılmışdır
Bakı, 1 noyabr (AZƏRTAC). Noyabrın 1-də dünyada mövcud ən son texnoloji nailiyyətlərə əsaslanan avadanlıq və cihazlarla təchiz olunmuş Respublika Diaqnostika Mərkəzində (RDM) oftalmologiya korpusunun açılışı olmuşdur.
AZƏRTAC xəbər verir ki, 2 həkim, 2 müayinə və 1 əməliyyat otağından ibarət mərkəzdə yapon istehsalı olan ən müasir avadanlıq “Topcon” cihazının köməyi ilə görmənin vəziyyəti qiymətləndiriləcək və göz xəstəliklərin diaqnostikası aparılacaqdır. Konsultasiyadan sonra həkim-oftalmoloq müalicə proqramı müəyyən edəcək və xəstənin bütün fərdi xüsusiyyətləri nəzərə alınmaqla ona eynək və ya kontakt linza təyin olunacaqdır. Ehtiyac yaranarsa, inkişaf etməkdə olan kataraktın qarşısını alan, qlaukoma zamanı gözün funksional vəziyyətini bərpa edən və görmə sinirinin xəstəlikləri zamanı itirilmiş görməni qaytaran lazer texnologiyalarının köməyi ilə müalicə aparılacaqdır.
RDM-in baş oftalmoloqu Xəlil Hüseynov bildirmişdir ki, Azərbaycan üçün yeni olan bu avadanlıqlar vasitəsilə gözün müayinəsinin və tam diaqnostik müalicəsinin aparılması mümkündür. Yeni avadanlıqlar vasitəsilə ölkəmizdə ilk dəfə olaraq gözün ön hissəsinin kaheren tomoqrafiyası həyata keçiriləcəkdir. Bu aparat oftalmoloqlara gözün ön seqmentinin diaqnostikasını aparmağa imkan verəcəkdir. Ön seqmentin təxminən 300-ə qədər patologiyasını bu aparat vasitəsilə müəyyən etmək mümkün olacaqdır.
Qeyd edilmişdir ki, yeni açılmış korpusda müasir avadanlıq və həkimlərin səyi nəticəsində əməliyyatlar uğurla həyata keçirilir. Ən yüksək ixtisaslı həkimlərin çalışdığı korpusda əsasən uşaq oftalmologiyasına yer veriləcəkdir.