MƏDƏNİYYƏT
Respublika Gənclər Kitabxanası Xalq yazıçısı İmran Qasımov haqqında videomaterial hazırlayıb
![Respublika Gənclər Kitabxanası Xalq yazıçısı İmran Qasımov haqqında videomaterial hazırlayıb](/files/2023/3/1200x630/17008339282702232214_1200x630.jpg)
Bakı, 24 noyabr, AZƏRTAC
Noyabrın 25-i Xalq yazıçısı, dramaturq, Azərbaycan ədəbiyyatında özünəməxsus dəst-xətti ilə seçilən, xüsusi kino təhsili almış ilk peşəkar ssenariçilərdən biri - İmran Qasımovun 105 illik yubileyi tamam olur. Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında İmran Qasımovun 105 illik yubileyi münasibətilə yazıçının həyat və yaradıcılığından bəhs edən geniş videomaterial hazırlanıb.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, materialda İmran Qasımovun Azərbaycan ədəbiyyatının, kino və teatrının inkişafında olan əvəzsiz xidmətləri, “Uzaq sahillərdə”, “İnsan məskən salır” kimi əsərləri haqqında məlumat verilir.
Videomaterialda İmran Qasımovun ssenarisi əsasında çəkilən və Azərbaycan kinosunun inciləri hesab edilən filmlər haqqında məlumatlar və dünyanın 25 dilinə tərcümə olunan, Asiya və Afrika ölkələrinin festivallarında birinci yer tutan “Uzaq sahillərdə” filmindən fraqmentlər təqdim edilir.
Kitabxana əməkdaşları tərəfindən hazırlanan videoçarxda Qırğızıstan yazıçısı Çingiz Aytmatovun, Xalq yazıçısı Anarın İmran Qasımov haqqında söylədikləri dəyərli fikirlər, dramaturqun layiq görüldüyü təltif və mükafatlar yer alır.
“Xalq yazıçısı İmran Qasımov 105” adlı videomaterial kitabxananın rəsmi saytında və sosial şəbəkələrdə yerləşdirilib.