RESPUBLİKA QADINLARININ QURULTAYINA SUMQAYITDAN NÜMAYƏNDƏLƏR SEÇİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, iyulun 23-də Sumqayıtda şəhər qadınlar təşkilatının hesabat konfransı keçirilmişdir. Konfrans başlamazdan əvvəl Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova və konfrans nümayəndələri Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Sumqayıtın mərkəzində ucaldılmış abidəsinin önünə tər güllər qoymuş, ulu öndərin xatirəsini ehtiramla anmışlar.
Üzeyir Hacıbəyov adına Mədəniyyət Sarayının iclas salonuna toplaşmış konfrans nümayəndələrini və qonaqları salamlayan Hicran Hüseynova ümummilli lider Heydər Əliyevin ölkəmizdə qadın hərəkatının inkişafında rolundan söhbət açmış, komitənin yaradılmasının dövlətimizin bu məsələyə böyük əhəmiyyət verməsinin təsdiqi olduğunu vurğulamışdır. Qeyd edilmişdir ki, respublikamızda uğurla həyata keçirilimiş bir sıra regional layihələrdə qadınlarımızın da payı vardır.
Dövlət komitəsinin Sumqayıt şəhəri üzrə nümayəndəsi Şuşa Aslanova son beş ildə görülmüş işlər barədə hesabat vermişdir. O, qeyd etmişdir ki, şəhərdə baş vermiş pozitiv dəyişikliklər fonunda qadın təşkilatı da böyük işlər görmüşdür. Şəhərdə tikinti və abadlıq işlərinin geniş vüsət alması, təhsil, səhiyyə, mədəniyyət və idman müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, yaşayış massivlərinin qaz, su və elektriklə təchiz edilməsi, bir sıra başqa faktlar qadınların həyat səviyyəsinə müsbət təsir göstərmişdir.
Sumqayıt şəhər icra hakimiyyətinin başçısı Vaqif Əliyev çıxışında qeyd etmişdir ki, cəmiyyətin inkişafında qadının rolunu və yerini çox gözəl başa düşən ulu öndər Heydər Əliyev dövlətin və ölkənin ictimai həyatında qadınların iştirakına böyük əhəmiyyət verirdi.
YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın çoxcəhətli fəaliyyətini xüsusi vurğulayan şəhər icra hakimiyyətinin başçısı demişdir ki, Azərbaycan qadınının rəmzinə çevrilmiş Mehriban xanım beynəlxalq forumlarda Azərbaycanı ləyaqətlə təmsil edir.
Konfransda respublika qadınlarının üçüncü qurultayına nümayəndələr seçilmişdir.
X X X
Elə həmin gün Sumqayıtda Qubadlı rayonu qadınlar təşkilatının da hesabat konfransı keçirilmişdir. Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova və rayon icra hakimiyyətinin başçısı Malik İsaqov konfransın işində iştirak etmişdir.
Dövlət komitəsinin Qubadlı rayonu üzrə nüməyəndəsi Afət Allahverdiyeva ötən dövr ərzində görülmüş işlər barədə hesabatla çıxış etmişdir. Konfransda respublika qadınlarının üçüncü qurultayında rayon qadınlarını təmsil edəcək 4 nümayəndə seçilmişdir.
######
