Respublika Seysmoloji Xidmət Mərkəzində Gənc Alim və Mütəxəssislər Şurası yaradılmışdır
Bakı, 7 noyabr (AZƏRTAC). Azərbaycan Milli Elmlər Akademiyasının Respublika Seysmoloji Xidmət Mərkəzində Gənc Alim və Mütəxəssislər Şurasının yaradılması ilə bağlı təsis iclası keçirilmişdir.
Respublika Seysmoloji Xidmət Mərkəzinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, iclasda bu elm müəssisəsinin baş direktoru, geologiya-minerologiya elmləri doktoru Qurban Yetirmişli mərkəzin yaranması və inkişaf mərhələləri haqqında məlumat vermişdir. Azərbaycan seysmoloqlarının hər zaman öz işlərinə məsuliyyətlə yanaşdığını qeyd edən direktor son illər mərkəz tərəfindən əldə olunan uğurlara da toxunmuşdur. Azərbaycanda seysmik müşahidə şəbəkəsinin genişləndiyini və bunun nəticəsində mərkəz tərəfindən aparılan kompleks seysmoloji tədqiqatların keyfiyyətinin yüksəldiyini söyləmişdir. Bildirmişdir ki, bu il mərkəz tərəfindən quraşdırılan 4 telemetrik stansiya artıq fəaliyyətə başlamış və bununla da RSXM-in telemetrik seysmik stansiyalarının sayı 35-ə çatmışdır.
Bundan başqa, respublika ərazisində 22 GPS stansiya quraşdırılmışdır. Mərkəzin geofizika və geokimya bölmələrinin texniki avadanlığı və cihazları yenilənmiş, daha bir geokimya stansiyası açılmışdır.
Yeni stansiyaların açılmasında əsas məqsədin aparılan elmi tədqiqatların keyfiyyətinin daha da yaxşılaşdırılması olduğunu bildirən direktor mərkəzdə kadr potensialının gücləndirilməsinin diqqətdə olan əsas məsələ olduğunu vurğulamışdır.
Sonra RSXM-in Gənc Alim və Mütəxəssislər Şurasına namizədlərin seçkisi keçirilmişdir. Açıq səsvermə nəticəsində 11 nəfər şura üzvü seçilmişdir.
RSXM-in Gənc Alim və Mütəxəssislər Şurasının üzvləri öz aralarından şura sədri, katib və şuranın AMEA Gənc Alim və Mütəxəssislər Şurasına namizədlərini seçmişlər. Səsvermə nəticəsində proqramlaşdırıcı-mühəndis Vüqar Fərəcov RSXM-in Gənc Alim və Mütəxəssislər Şurasının sədri, Cəmilə Məmmədova isə katibi seçilmişdir. AMEA Gənc Alim və Mütəxəssislər Şurasına 3 nəfər namizəd irəli sürülmüşdür.