“Restitusiya haqqında“ yeni qanun İsrail və Polşa arasında diplomatik gərginlik yaradıb
Bakı, 17 avqust, AZƏRTAC
Polşanın “Restitusiya haqqında“ yeni qanunu İsrail və Polşa arasında diplomatik gərginliyə səbəb olub.
AZƏRTAC xəbər verir ki, rəsmi Varşava İsraildəki səfirini geri çağırıb və Xarici İşlər Nazirliyi səfirin nə zaman səlahiyyətlərinin icrası üçün İsrailə geri dönəcəyinə açıqlama gətirməyib.
Səfirin geri çağırılması İsrailin Polşadakı müvəqqəti işlər vəkilini məsləhətləşmələr üçün geri çağırmasından iki gün sonra adekvat addım kimi dəyərləndilir. İsrail tərəfi Polşanın yeni qanunun “qeyri-əxlaqi və antisemit” mahiyyət daşıdığını əsas gətirib. Polşanın xarici siyasət idarəsi isə müvəqqəti işlər vəkilinin geri çağırılmasını əsassız aksiya və qarşı tərəfin qanunla bağlı iddialarını qəbuledilməz sayıb.
Qeyd edilməlidir ki, avqustun 14-də Polşa Prezidenti Andrjey Duda İkinci Dünya müharibəsində müsadirə edilmiş əmlakın restitusiyası ilə bağlı yeni qanun imzalayıb. Həmin qanuna görə, müsadirə edilmiş əmlakın geri qaytarılması və ya bununla bağlı təzminatın ödənilməsi üçün verilən iddialarla bağlı xitam müddəti nəzərdə tutur. Belə ki, yeni qanuna görə, geri hesablanmaqla müddəti 30 ildən yuxarı olan bütün iddialara xitam verilməlidir. İsrail hökuməti isə Holokost qurbanlarının varislərinin bu qanun sayəsində Polşa dövləti qarşısında restitusiya tələblərinin qarşısının alına biləcəyindən narahatdır.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Vyana