ELM VƏ TƏHSİL
Riyaziyyat dərsliyinin və müəllimlər üçün metodiki vəsaitin elmi-metodiki monitorinqinə həsr olunmuş seminar keçirilmişdir
Bakı, 21 yanvar (AZƏRTAC). Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında (TQDK) ümumtəhsil məktəblərinin 4-cü sinif riyaziyyat dərsliyinin və müəllimlər üçün metodiki vəsaitin elmi-metodiki monitorinqinə həsr olunmuş seminar keçirilmişdir.
TQDK-dan AZƏRTAC-a bildirmişlər ki, seminarda dərslik məzmun, dil, üslub, dizayn, bədii tərtibat və tapşırıqların məzmuna uyğunluğu baxımından müzakirə edilmişdir.
Müzakirələrdə Təhsil Nazirliyinin əməkdaşı Vüsalə Həsənova, dosent Seyidağa Həmidov, professor Məmməd Bayramov və dərslik müəllifi Nayma Qəhrəmanova iştirak etmişlər.
Dərsliklə bağlı TQDK-ya daxil olmuş qeydlər, iradlar və müzakirələrdə səslənmiş fikirlər əsasında yekun rəy hazırlanaraq müvafiq quruma göndəriləcəkdir.