Riyaziyyat və Mexanika İnstitutunda elmi seminar təşkil olunub
Bakı, 30 may, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunda “Sinqulyar və hipersinqulyar inteqral operatorların approksimasiyaları” mövzusunda seminar keçirilib.
Riyaziyyat və Mexanika İnstitutundan AZƏRTAC-a bildiriblər ki, seminarda bu elm müəssisəsinin funksiyalar nəzəriyyəsi şöbəsinin aparıcı elmi işçisi Rəşid Əliyevin mövzu ilə bağlı məruzəsi dinlənilib.
Məruzədə Koşi nüvəli və Hilbert nüvəli sinqulyar və hipersinqulyar inteqral operatorların xüsusi növ operatorlar ardıcıllığı ilə approksimasiyaları verilib. Göstərilib ki, approksimasiya edən operatorlar sinqulyar və hipersinqulyar inteqral operatorların əsas xassələrini saxlayır. Bu da sinqulyar və hipersinqulyar inteqral tənliklərin konstruktiv həlli zamanı az hesablama aparmaqla dəqiq nəticələr almağa imkan verir.