Romada Azərbaycanın aqrar-qida sistemi barədə məlumat verilib
Bakı, 22 sentyabr, AZƏRTAC
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının təşkilatçılığı ilə İtaliyanın paytaxtı Romada “Aqrar-qida sistemlərində Vahid Sağlamlıq hər kəsin sağlamlığı, hər kəsin məsuliyyəti və hər kəsin fəaliyyətidir” mövzusunda Qlobal Konfrans keçirilir.
Bu barədə AZƏRTAC-a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin İnformasiya təminatı və innovativ həllər şöbəsindən məlumat verilib.
Bildirilib ki, tədbirdə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Anar Əzimov iştirak edir.
Sentyabrın 22-də təşkil olunan xüsusi paneldə ölkəmizin aqrar-qida sistemində həyata keçirilən islahatlar, biotəhlükəsizlik sahəsindəki tədbirlər və qabaqcıl təcrübələr barədə geniş məlumat verilib.