İQTİSADİYYAT
Rumıniyada “SOCAR” brendi altında xidmət göstərən yanacaqdoldurma məntəqələrinin sayı 29-a çatıb
![Rumıniyada “SOCAR” brendi altında xidmət göstərən yanacaqdoldurma məntəqələrinin sayı 29-a çatıb](/files/2014/2/1200x630/1409326302502622612_1200x630.jpg)
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, geniş ərazini əhatə edən yanacaqdoldurma məntəqəsində “Benzin-95” və “Dizel Euro-5” tipli yanacaq məhsullarının satışı həyata keçirilir.
Məntəqədə quraşdırılan üç sayğac dörd kiçik və iki böyük (TIR) avtonəqliyyat vasitəsini eyni vaxtda yanacaqla təmin edə bilir. Yanacaq doldurma məntəqəsindəki “Nar Kafe”də müştərilərə ənənəvi olaraq Azərbaycan məhsulları və 24 saat pulsuz internet xidmətləri təklif olunur.
Bununla da Rumıniyada əhaliyə “SOCAR” brendi altında yüksək keyfiyyətli xidmət göstərən yanacaqdoldurma məntəqələrinin sayı 29-a çatıb. Hazırda “SOCAR” Rumıniyanın 11 regionunda - Botoşan, Suçeava, Nyamts, İaşi, Bihor, Buzau, Bakau, Vrancea, Timiş, İlfov və Klujda yanacaqdoldurma məntəqələrinə malikdir.
ARDNŞ-in Rumıniya nümayəndəliyinin rəhbərliyi və kollektivi həmin gün Buxarestdə Türkiyənin Zəfər bayramı münasibətilə keçirilən tədbirlərə də qatılıb. Toplantıda Türkiyə və Azərbaycanın Rumıniyadakı səfirləri, bu ölkədə fəaliyyət göstərən Türk İş Adamları Dərnəyinin üzvləri, türk toplusu, eləcə də KİV nümayəndələri iştirak ediblər.
Tədbir çərçivəsində Buxarest şəhərində ucaldılan Mustafa Kamal Atatürkün abidəsi və Buxarest Türk Məzarlığı ziyarət olunub. Buxarest Türk Məzarlığında keçirilən mərasimdə Türkiyənin Rumıniyadakı səfiri Ömür Sölendil bu tarixi günlə əlaqədar keçirilən tədbirdə yaxından iştirakına görə ARDNŞ-in rəhbərliyinə təşəkkürünü bildirib.
İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Buxarest