“RUS DİLİ VƏ NİTQ MƏDƏNİYYƏTİ” MÖVZUSUNDA DƏYİRMİ MASA KEÇİRİLMİŞDİR
Məktəbin direktoru Faina Ələkbərova təhsil müəssisəsinin tarixi və fəaliyyəti barədə məlumat verərək bildirmişdir ki, 1943-cü ildə yaradılan təhsil müəssisəsinə beynəlxalq tədbirlərdə fəal iştirakına görə yüksək status - Klassik Gimnaziya və YUNESKO məktəbi adı verilmişdir. Hazırda burada 150 müəllim 2400 şagirdin təlim-tərbiyəsi ilə məşğul olur.
Dəyirmi masada diqqətə çatdırılmışdır ki, öz ənənələri olan məktəbdə tədrisin keyfiyyəti və metodikası beynəlxalq standartlara cavab verir. Gimnaziya ölkəmizdə rus dili tədris olunan müəssisələr arasında ən böyüyüdür. Burada rus dili bölməsində 2 min şagird təhsil alır. Gimnaziya Moskvanın 157 nömrəli məktəbi ilə sıx əlaqə saxlayır, Rusiyada keçirilən olimpiadalarda, təhsi forumlarında fəal iştirak edir. “Ən yaxşı xarici məktəb” müsabiqəsinin qalibidir.
Moskva Dövlət Açıq Universitetinin elmi işlər üzrə prorektoru, professor Yevgeni Şerbakov qeyd etmişdir ki, hazırda Rusiyanın təhsil sistemində ciddi islahatlar aparılır, təhsil haqqında qanun geniş müzakirə olunur. Tədbir iştirakçıları Rusiya Federasiyasının təhsil üzrə Federal Agentliyi rəhbərinin müavini Yevgeni Butkonun videomüraciətindən həmin ölkədə aparılan təhsil islahatları barədə daha ətraflı məlumat əldə etmişlər.
Həmin gün A.S.Puşkin adına Dövlət Rus Dili İnstitutunun professoru, filologiya elmləri doktoru Marina Şutova gimnaziyada ustad dərsi keçmişdir.