İDMAN
“Rusiya 2018”: Mundialın IX gününün ilk oyununa Braziliya və Kosta-Rika yığmaları çıxıblar
Bakı, 22 iyun, AZƏRTAC
İyunun 22-də Rusiyanın ev sahibliyi etdiyi futbol üzrə XXI dünya çempionatının IX gününün ilk görüşündə “E” qrupunda yer alan Braziliya və Kosta-Rika milliləri qarşılaşırlar.
AZƏRTAC xəbər verir ki, Sankt-Peterburq stadionunda keçirilən oyunda braziliyalıların start heyətində meydançaya Alison Beyker, Tiaqo Silva, Joau Miranda, Faqner, Marselo, Kazemiro, Paulinyo, Filip Koutinyo, Vilyam, Neymar, Qabriyel Xesus çıxıblar.
Kosta-Rika millisində start heyətində isə Keylor Navas, Dcankarlo Qonsales, Coni Akosta, Oskar Duarte, Kristian Qamboa, Brayen Ovyedo, David Qusman, Selso Borxes, Brayan Ruis, Xoan Veneqas, Markos Urenya yer alıblar.
Görüşü hollandiyalı referi Kupers Bcon idarə edəcək.
Qeyd edək ki, Braziliya ilk turda İsveçrə yığması ilə heç-heçə (1:1) edib. Kosta-Rika isə Serbiya yığmasına minimal hesabla məğlub olub (1:0). Braziliya millisi dünya çempionatının səkkizdəbir final mərhələsinə çıxmaq üçün bu görüşdə mütləq qələbə qazanmalıdır.
Bu oyun komandalar arasında üçüncü matç olacaq. Braziliya yığması Kosta-Rikanı 1990-cı ildə 1:0, 2002-ci ildə isə 5:2 hesabı ilə məğlubiyyətə uğradıb.
Braziliya millisi ən çox dünya çempionu olan komandadır. Braziliyalılar kuboku 5 dəfə başları üzərinə qaldırıblar. İlk dəfə 1958-ci ildə İsveçdə, dörd il sonra isə Çilidə keçirilən mundialın qalibi olan braziliyalılar 1970-ci ildə Meksikadakı turnirdə də qalib gələrək üçqat dünya çempionu kimi “Qızıl İlahə”ni həmişəlik öz ölkələrinə aparıblar. Braziliya millisi yeni kuboku üçüncü çempionluqdan 24 il sonra - 1994-cü ildə ABŞ-da keçirilən dünya çempionatında əldə edə bilib. Sonuncu - beşinci çempionluğuna 2002-ci ildə Koreya Respublikasının və Yaponiyanın birlikdə təşkil etdikləri mundialda nail olan Braziliya yığması hələlik bu göstərici üzrə dünya rekordçusudur.
Kosta-rikalılar dünya çempionatlarında indiyədək dörd dəfə iştirak ediblər. Onların ən yaxşı göstəricisi 2014-cü ildə Braziliyada keçirilən mundialda dörddəbir final mərhələsinə vəsiqə qazanmaları olub. Latın Amerikası təmsilçisi həmin çempionatda İtaliya, İngiltərə, Uruqvay komandaları ilə bir qrupda yer almışdı. Kosta-Rikanın mundiallarda debütü 1990-cı ilə təsadüf edir. Milli komandanın tarixində ən çox qol vuran oyunçu Rolando Fonseka Ximenesdir (44 qol).
Xatırladaq ki, günün ikinci oyunu saat 19:00-da “Volqoqrad Arena”da start götürəcək. “D” qrupunun digər oyununda Nigeriya və İslandiya yığmaları qarşılaşacaqlar. Günə saat 22:00-da Kalininqrad şəhərində start veriləcək Serbiya və İsveçrə millilərinin görüşü ilə yekun vurulacaq.
Braziliya - Kosta-Rika oyunu İdman Azərbaycan kanalında canlı yayımlanır. Nigeriya-İslandiya qarşılaşması İdman Azərbaycan və İctimai Televiziya, Serbiya-İsveçrə matçı isə İctimai Televiziya və İdman Azərbaycan kanallarında tamaşaçılara təqdim olunacaq.