“RUSİYA-AZƏRBAYCAN: BİZ BİR-BİRİMİZƏ NECƏ BAXIRIQ”
Görüş iştirakçıları Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsini anmış, ulu öndərin BSU-nun muzeyindəki büstü önünə gül qoymuşlar.
Universitetin professor-müəllim və tələbə heyəti ilə görüşə “Oqonyok” jurnalının baş redaktoru, “Moskovskiye novosti” Səhmdar Cəmiyyəti direktorlar şurasının sədri Viktor Loşak, Rusiyanın Azərbaycandakı səfiri Vasili İstratov, şair Dmitri Bıkov, yazıçı-dramaturq Mixail Mişin, Rusiya Federal Mədəniyyət Agentliyinin rəhbəri Mixail Şvıdkoy, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, xalq yazıçıları Anar, Çingiz Abdullayev, xalq artisti Eldar Quliyev, fəlsəfə elmləri doktoru Rəhman Bədəlov gəlmişdilər.
Görüşü mədəniyyət və turizm naziri Əbülfəs Qarayev açmış, BSU-nun rektoru professor Kamal Abdullayev qonaqları salamlamışdır.
İTAR-TASS-ın baş direktorunun birinci müavini Mixail Qusmanın apardığı görüşdə Rusiya-Azərbaycan mədəni əməkdaşlığı, bu prosesdə KİV-lərin mühüm rolu məsələləri müzakirə olunmuşdur. Diskussiyalarda bir sıra təşəbbüslər irəli sürülmüşdür. Məsələn, xalq yazıçısı Anar Moskvada Azərbaycan ədəbiyyatı antologiyasının, müvafiq olaraq, Bakıda rus ədəbiyyatı antologiyasının nəşr olunmasını təklif etmişdir. O demişdir: zənnimcə, rus yazıçısı İvan Bunin ilə Azərbaycan yazıçısı Ümmülbanu arasında gözəl məhəbbət tarixçəsi haqqında birgə film çəkmək yaxşı olardı. Onların hər ikisi ötən əsrin əvvəlində, inqilabdan sonra mühacirət etmişdilər.
“Oqonyok” jurnalının baş redaktoru Viktor Loşak xalqlarımız arasında dostluğun və qarşılıqlı anlaşmanın möhkəmləndirilməsində mədəni əlaqələrin rolundan danışmışdır. O, hazırda rus oxucusunu nələr maraqlandırmasından, hansı ağrılı məsələlərin daha çox diqqət tələb etməsindən söhbət açmışdır. Bildirilmişdir ki, Rusiya cəmiyyətində ksenofobiya təzahürlərinin tez-tez baş verdiyi bir vaxtda mədəni əlaqələrin əhəmiyyəti daha böyükdür. Rusiyada Azərbaycan mədəniyyətini, onun görkəmli nümayəndələrini daha yaxşı tanıtmaq üçün böyük iş görülməlidir.
Sonda diskussiya iştirakçıları çoxsaylı suallara cavab vermişlər.