Rusiya-Azərbaycan: iki mədəniyyətin məhsuldar sintezi
Moskva, 6 fevral, AZƏRTAC
Müğənni, aktyor, bəstəkar, ictimai xadim və öz ölkəsinin səfiri - bütün bunlar eyni adamın müxtəlif təzahürləridir. Özünün 75 illik yubileyini qeyd edən Polad Bülbüloğlu təkcə mədəniyyət və siyasət aləmində əfsanə deyil, həm də iki xalqın canlı dostluq simvoludur. RF Dövlət Dumasının deputatı Dmitri Savelyevin başçılıq etdiyi Rusiya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun nəzdində təşkilati struktur qismində yaradılmış Rusiya-Azərbaycan Dostluq Mərkəzinin rəhbəri Nataliya Krasovskaya AZƏRTAC-a müsahibəsində azərbaycanlı fenomeni Rusiya mədəniyyətində təhlil edir.
-Nataliya Rudolfovna, necə hesab edirsiniz, Polad Bülbüloğlu kimi fenomen Rusiya mədəniyyəti üçün hansı rol oynayıb?
-Sovet dövründə Polad Bülbüloğlunun ifasında mahnılar bütün İttifaqda məşhur idi. Onun ovaxtkı estradada yeni istiqamət yaratması şəksizdir və dinləyicilərin həqiqətən də ümumxalq sevgisinə layiq idi. Onun yaradıcılığının miqyası danılmazdır. Bu gün, müxtəlif tədbirlərdə mənə onunla Azərbaycanın Rusiyadakı səfiri kimi qarşılaşmaq nəsib olduğu bir vaxtda, mən onun nə qədər gənc və böyük həyat enerjisinə sahib olmasına heyranlıqdan yorulmuram.
-Sizcə Polad Bülbüloğlunun istedadlı olmasına onun məhz Bakıda doğulub, boya-başa çatmasının təsiri olubmu?
-Yada salmaq lazımdır ki, həmin illərdə Azərbaycan paytaxtı SSRİ-nin ən beynəlmiləl şəhərlərindən biri idi, rus dili isə universal ünsiyyət dili rolunu oynayırdı. Bu gün rus dilinin və rus mədəniyyətinin əhatəsi Azərbaycan əhalisinin sayında rusların xüsusi çəkisinə nisbətən əhəmiyyətli dərəcədə genişdir. Polad Bülbüloğlunun multikultural mühitdə böyüməsi faktı həm Azərbaycan, həm Rusiya auditoriyası tərəfindən bərabər səviyyədə sevilən unikal ifaçı kimi formalaşmasına kömək edib.
-İki mədəniyyətin təmas xəttində həmin bu inkişaf Müslüm Maqomayev üçün də xarakterik idi...
-Daha artıq: Maqomayevdən onun vətəndaşlıq mənsubiyyəti barədə soruşanda həmişə cavab verirdi ki, onun atası Azərbaycan, anası isə Rusiyadır. Məhz bu, həmin haldır ki, ilk baxışdan müxtəlif mədəniyyətlər üzvi sintez əmələ gətirir. Hesab edirəm ki, Azərbaycan mədəniyyəti özlüyündə parlaq və zəngindir. Özünün rus və Avropa ənənələrinə açıqlığı sayəsində bütün dünyaya maraqlıdır və bəşəriyyəti zənginləşdirir. Bu gün Rusiya ilə Azərbaycan arasında müşahidə etdiyimiz intensiv mədəni mübadilə iki xalqın qarşılıqlı əlaqələrində yeni hadisə deyil, köhnə ənənələrin davamı və inkişafıdır. Məhz bu səbəbdən Azərbaycan müğənniləri, yazıçıları və aktyorları rus mədəniyyətinə töhfələr veriblər.
-Siz başqa adlar da çəkə bilərsinizmi?
-Onların sayı çoxdur. Valideynlərim mənə “Arşın mal alan” musiqili komediya filminin Sovet İttifaqında necə populyarlığı, filmdə baş rolu oynayan müğənni Rəşid Behbudovun tamaşaçıların sevimlisi olması barədə danışıblar. Əgər bizə daha yaxın reallığı götürsək, o halda “Birinci kanal”ın tanınmış aparıcısı İradə Zeynalovanı, şoumen Tahir Məmmədovu və ya hamının Timur Rodriges təxəllüsü ilə tanıdığı Teymur Kərimovu yada sala bilərik. Gəlin, hətta dil mühitindən uzaq görünən sahəni - rəssamlığı götürək: mənim üçün şübhə yoxdur ki, Toğrul Nərimanbəyov və Tahir Salahov kimi bu dərəcədə məşhur rəssamların yaradıcılığı məhz iki mədəniyyətin qovuşuğunda formalaşıb.
-Bəs, Siz rus dilində yazıb-yaradan azərbaycanlı yazıçılar fenomeninə necə baxırsınız?
-Bu təzahürün mənbəyi də rus dilinin millətlərarası ünsiyyət dili olmasıdır. Azərbaycan ədəbiyyatının klassiki Nizami orta əsrlərdə öz şeirlərini fars dilində yazıb. Çünki məhz bu dil o dövrdə Şərq xalqları üçün ünsiyyət dili olub. İsmayıl bəy Qutqaşınlı “Rəşid bəy və Səadət xanım” hekayəsini XIX əsr kübar cəmiyyətində hamı tərəfindən qəbul edilən fransız dilində yaradıb. Siyasi detektivlərin populyar müəllifi Çingiz Abdullayevin yaradıcılığının kökü isə Bakı həyətlərindən qaynaqlanır. O həyətlərdən ki, o vaxt sakinlərinin əksəriyyəti rus dilində danışır və “Belə bir millət var - bakılılar” mahnısını oxuyurdu. İndi çox az adamın ağlına o fikir gələr ki, kinematoqrafiyaya, “Səhranın bəyaz günəşi” və ya “Günəşdən usanmışlar” filmlərinə ssenarilər verən Maqsud və Rüstəm İbrahimbəyov qardaşlarının Azərbaycan yoxsa rus mədəniyyətinə aid olduqlarını soruşsun. Bütün bu nümunələrdə mən bizim iki mədəniyyətimiz arasında məhsuldar əlaqələrin növbəti təsdiqini görürəm. Polad Bülbüloğlu sayəsində rusiyalılar xeyli bədii sərgilərə tamaşa edib, Azərbaycanın yeni musiqiçiləri və ifaçıları ilə tanış olublar. Onun köməyi ilə ölkəmizdə Azərbaycan Mədəniyyət Günləri keçiriləcək. Bu isə o deməkdir ki, mədəniyyət sahəsində Rusiya və Azərbaycan əlaqələri yalnız möhkəmlənməlidir.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva