Rusiya Dövlət Ermitajı ziyarətçilər üçün mobil əlavə hazırlayıb
Bakı, 24 yanvar, AZƏRTAC
Rusiya Dövlət Ermitajı burada sərgilənən eksponatlar barədə ziyarətçilərə məlumat verəcək proqram hazırlayıb.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə muzeyin baş direktoru Mixail Piotrovski məlumat verib. Bildirib ki, bu proqram ziyarətçilərə hələ növbədə durduqları zaman ekspozisiyalar, əsasən onların düzülüşü barədə məlumat toplamağa şərait yaradacaq.
M.Piotrovski deyib: “Biz növbədə dayanan muzey ziyarətçilərini əyləndirmək fikrindəyik. Onların hər biri telefon vasitəsilə bu proqrama qoşula bilər. Mobil əlavənin köməyilə ziyarətçilər Ermitajın eksponatları barədə məlumatlandırılacaq”.
Baş direktorun sözlərinə görə, muzey ziyarətçilərinin hazırlıq səviyyəsi “böyük problemlərdən biridir”. Onlar adətən bir eksponatın dövrəsinə yığılaraq digərlərinə diqqət yetirmirlər. Bununla bağlı Ermitajda “Digər şah əsərlər” adlı proqram yaradılıb.
“Muzeydə bir yerə toplaşma problemi onunla bağlıdır ki, hamı eyni eksponata baxmağa gedir. Lakin hər bir muzeydə, o cümlədən Ermitajda o qədər mühüm əşyalar var ki, onlara baxmaq çox maraqlıdır. Yeni proqramın köməyilə biz insanları nəinki Rafaelə, həmçinin Pazırık xalısına (Altayda tapılan və eramızdan əvvəl V-IV əsrlərin Pazırık mədəniyyətinə aid edilən) tamaşa etməyə istiqamətləndirməyə cəhd göstəririk”, - deyə muzeyin direktoru bildirib.
Dövlət Ermitajının kolleksiyası 3,1 milyon eksponat, o cümlədən rəssamlıq, qrafika, heykəltəraşlıq əsərləri və tətbiqi sənət nümunələri, arxeoloji tapıntılar və numizmatik materiallardan ibarətdir. Ermitaj 1764-cü ildə İmperatriçə II Yekaterina tərəfindən yaradılıb. 2018-ci ildə Ermitajın ziyarətçilərinin sayı 4,3 milyon nəfər olub.