SİYASƏT
Rusiya və Azərbaycan ekspertləri birgə məruzə təqdim etmişlər
Moskva, 13 may (AZƏRTAC). Mayın 13-də Moskva Dövlət Universitetinin (MDU) tarix fakültəsində “Rusiya-Azərbaycan münasibətləri müasir mərhələdə: problemlər və perspektivlər” mövzusunda “dəyirmi masa” keçirilmişdir. Tədbirdə Rusiya-Azərbaycan birgə ekspert qrupunun məruzəsi təqdim edilmişdir. Ekspert qrupunun rəhbəri, MDU-nun tarix fakültəsinin dekan müavini, MDU-nun informasiya-analitik mərkəzinin baş direktoru Aleksey Vlasov hazırlanmış sənədin əsas müddəalarını ekspertlərə təqdim etmişdir.
Tədbirdə Rusiya tərəfdən MDU-nun Qafqazşünaslıq Mərkəzinin direktoru, “Vestnik Kavkaza” informasiya-analitik agentliyinin baş direktoru İsmayıl Ağakişiyev, İctimai-Siyasi Tədqiqatlar Mərkəzinin direktoru Vladimir Yevseyev, RİA-Novosti agentliyinin MDB və Baltikyanı Ölkələr Redaksiyasının rəhbəri Alan Kasayev, Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun Analitik Monitorinq Mərkəzinin eksperti Leonid Qusev iştirak etmişdir.
Azərbaycan tərəfini “Trend” Beynəlxalq İnformasiya Agentliyinin baş direktoru İlqar Hüseynov, Ümumrusiya Azərbaycanlılar Konqresinin icraçı direktoru Eldar Quliyev, Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı səfirliyinin müşaviri Eldar Bayramov və başqaları təmsil etmişlər.
Ekspertlərin məruzəsi müzakirə ediləndən sonra onun strukturuna əlavələr edilməsi barədə təkliflər irəli sürülmüşdür. “Dəyirmi masa” iştirakçıları qətnamə qəbul etmişlər. Qətnamədə deyilir:
“Dəyirmi masa iştirakçıları qeyd edirlər ki, hazırda ikitərəfli münasibətlər əməkdaşlığın əsas istiqamətləri - ticari-iqtisadi qarşılıqlı əlaqələr, təhlükəsizlik, Xəzər dialoqu, təhsil sahəsi üzrə qarşılıqlı fəaliyyətin dərinləşməsi ilə səciyyəvi olan keyfiyyətcə yeni səviyyəyə çatmaqdadır.
Rusiya-Azərbaycan strateji tərəfdaşlığı və qarşılıqlı fəaliyyəti bərabərhüquqlu və qarşılıqlı faydalı əməkdaşlıq nümunəsinə çevirmək səviyyəsində möhkəmlətmək üçün hər cür şərait vardır.
“Dəyirmi masa” iştirakçıları ikitərəfli əməkdaşlığın daha da inkişaf etdirilməsi məqsədi ilə bir sıra kompleks tədbirlər görülməsini zəruri hesab edirlər.
Ticari-iqtisadi münasibətlər çərçivəsində investisiyaların qarşılıqlı qorunması haqqında müqavilə imzalanması, Rusiyanın Azərbaycan ilə sərhədində informasiya texnologiyalarının və elektron bəyannamələrin tətbiq edilməsi yolu ilə gömrük xidmətinin keyfiyyətinin yaxşılaşdırılması, nəqliyyat kommunikasiyalarının kompleks şəkildə inkişafı, aqrar sektorda kooperasiyanın daha da dərinləşməsi zəruridir.
Energetika üzrə əməkdaşlıq sahəsində: Qara dəniz sahillərində maye qaz terminalları yaradılması üçün iki ölkənin səylərinin birləşdirilməsi, neft məhsullarının və neft-kimya sahəsinə aid digər malların tədarükü sahəsində Rusiyanın sərhədyanı rayonları ilə Azərbaycanın qarşılıqlı fəaliyyətinin gücləndirilməsi zəruridir.
Təhsil və informasiya sahələrində əməkdaşlıq üzrə: iki ölkənin tədqiqat mərkəzləri səviyyəsində əlaqələri fəallaşdırmaq, media sahəsində yeni dialoq meydanları formalaşdırmaq, o cümlədən Xəzər və Qafqaz media forumları təşkil etmək, Rusiyanın regionları ilə Azərbaycan arasında jurnalist mübadilələrini fəallaşdırmaq; gənclərin mübadilə proqramlarını, məktəblilərin və tələbələrin qarşılıqlı səfərləri ilə bağlı proqramlara prioritet vermək; MDB ölkələri kafedraları olan ali məktəblərin təhsil proqramına Xəzər mövzusunun regional inteqrasiya prizmasından öyrənilməsi istiqaməti vermək; Rusiya Federasiyasının aparıcı ali məktəblərinin ixtisaslaşdırılmış kafedralarında Azərbaycan dilinin öyrənilməsinə ayrılan saatların sayını artırmaq; Xəzərdə turizmin inkişafı üçün şərait yaratmaq; ümumi turizm klasterləri formalaşdırmaq.
İnnovasiya layihələri sahəsində: Sukolkovada mərkəzlər və Azərbaycan Regional İnnovasiya Zonası Bazasında yüksək texnologiyalar sahəsində layihələri inkişaf etdirmək, iki ölkənin Elmlər Akademiyaları arasında yeni əməkdaşlıq proqramları formalaşdırmaq, Bakıda Xəzər dənizini tədqiq edən beynəlxalq mərkəz yaratmaq, TEİS proqramı çərçivəsində iki ölkə arasında qarşılıqlı əlaqələri fəallaşdırmaq.
Təhlükəsizlik sahəsində: Xəzər “beşliyinin” Fövqəladə Hallar Nazirliklərinin və Hərbi Dəniz Qüvvələrinin baza limanlarına operativ informasiya verilməsi üçün Xəzərdə vahid reaksiya və informasiya monitorinqi əməliyyat mərkəzi yaratmaq; ekspertlərin qarşılıqlı fəaliyyəti səviyyəsində 2012-ci ildən sonra Qəbələ RLS-dən istifadə edilməsi variantlarını nəzərdən keçirmək”.