CƏMİYYƏT
Rusiyadan Azərbaycana 2 ədəd soyuq silahın gətirilməsinin qarşısı alınıb
Bakı, 25 noyabr, AZƏRTAC
Moskva-Gəncə aviareysi ilə gələn Azərbaycan Respublikasının vətəndaşı Mərdan Həsənovun baqajı Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən rentgen aparatı ilə yoxlanılarkən monitorda bıçaq təsvirləri görünüb.
Dövlət Gömrük Komitəsindən AZƏRTAC-a bildirilib ki, həmin baqaja təkrar yoxlama zamanı M.Həsənova məxsus çantanın içərisindəki şəxsi əşyaların arasından gömrük nəzarətinə təqdim olunmayan 2 ədəd bıçaq aşkar edilib.
Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin arayışına əsasən, ekspertizaya təqdim edilən 2 ədəd bıçaq - zavod üsulu ilə hazırlanan, kəsici-deşici xassəyə malik ümumi təyinatlı ov bıçağıdır və soyuq silah hesab edilir.
Faktla bağlı təhqiqat aparılır.