RUSİYALI GƏNCLƏR ŞƏKİDƏN XOŞ TƏƏSSÜRATLARLA AYRILMIŞLAR
Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının (RAGT) təşəbbüsü ilə iyulun 15-dən 22-dək respublikamızda təşkil olunmuş “Azərbaycan sivilizasiyaların qovuşuğunda” mövzusunda yay seminarı iştirakçılarının Azərbaycanın tarix və mədəniyyət baxımından maraq doğuran bölgələrinə səfər proqramı çərçivəsində qədim Şəki ilə tanışlıqları maraqlı və yaddaqalan olmuşdur.
Bu barədə AZƏRTAC-ın müxbirinə məlumat verən şəhər icra hakimiyyəti başçısının müavini Zərinə Cavadova bildirmişdir ki, Rusiyanın aparıcı ali məktəb tələbələrinin daxil olduğu qrupun üzvləri əvvəlcə Kiş kəndindəki qədim alban məbədinə ekskursiya etmişlər. Sonra rusiyalı gənclər regionun ən iri sənaye müəssisələrindən olan “Şəki-İpək” ASC-də olmuş, istehsal prosesi ilə maraqlanmışlar. Qonaqlara məlumat verilmişdir ki, Şəkinin qədim ipəkçilik ənənələri indi də davam etdirilir. Müəssisədə istehsal olunan məhsullar dünyanın bir sıra ölkələrinə ixrac olunur. 2006-cı ildə Şəkidə xarici qonaqların iştirakı ilə “İpək bayramı”, 2007-ci ildə “Sənətkarlar günü”, 2008-ci ilin iyununda isə Azərbaycanda fəaliyyət göstərən 30-a yaxın xarici ölkə səfirinin iştirakı ilə “Şəki: qədim sivilizasiyalar diyarı” bayram tədbiri keçirilmişdir.
Müəssisənin ipək muzeyi, ipək xalça sexi, çeşidlər zalı ilə tanışlıqdan sonra qonaqlara hədiyyələr təqdim edilmişdir.
Rusiyalı gənclər daha sonra Şərq memarlığının nadir incilərindən sayılan Şəki xanlarının sarayında, tarix-diyarşünaslıq muzeyində olmuşlar.
XIX əsrə aid memarlıq abidəsində - Yuxarı Karvansarada keçirilən görüşdə şəhər icra hakimiyyətinin başçısı Nazim İbrahimov hər iki ölkə gənclərinin bir-birinə daha da yaxınlaşmasında, əlaqələrin möhkəmlənməsində belə görüşlərin əhəmiyyətini yüksək qiymətləndirmiş, qədim Şəkinin tarixi, zəngin mədəniyyəti və turizm imkanları barədə məlumat vermişdir.
Rusiyalı gənclər Şəkidən xoş ovqat və zəngin təəssüratlarla ayrılmışlar.