Rusiyalı tanınmış moda tarixçisi Aleksandr Vasilyevin Bakıda iki sərgisi keçiriləcək
Moskva, 15 fevral, AZƏRTAC
Aleksandr Vasilyevin Azərbaycan paytaxtında iki sərgisi keçiriləcək.
Bu barədə moda tarixçisi və sənətşünas özü AZƏRTAC-a müsahibəsində bildirib. O xatırladıb ki, ötən il Aleksandr Vasilyev Fondu Heydər Əliyev Mərkəzində “Modernizm və moda” və “Moda məkanı” adlı iki sərgi təşkil edib. Sərgilərin açılışında Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva iştirak ediblər.
Moda tarixçisi yenidən Heydər Əliyev Mərkəzində keçiriləcək yeni sərgilərindən bəhs edib: “Birinci sərgi ilkin variantda “Gəlinlik paltarının tarixi” adlanır. Digər sərgi isə portret və modaya həsr olunacaq. Tamaşaçılar XVII əsrdən XXI əsrədək olan dövrdə moda tarixinin təsviri sənətdə təcəssümünü görə biləcəklər. Çünki rəssamlıq portreti saçdüzümünü, bəzək-düzəyi və digər detalları əks etdirir. Mənim fondumda müxtəlif texnika ilə işlənmiş təxminən 2500 portret saxlanılır və düşünürəm ki, sərgi üçün yaxşı material mövcuddur”.
Azərbaycana səfəri ilə bağlı xatirələrini bölüşən A.Vasilyev deyib: “Sizin ölkənizin çox zəngin mədəni həyatı var - müasir muzeylər, gözəl meydançalar...Təqdimat səviyyəsi, vizuallaşdırma, texnologiyalar hökumətin daimi maliyyə dəstəyi ilə dünya səviyyəsindədir. Siz fəxr edə bilərsiniz ki, ölkənizdə Xalçaçılıq muzeyi, Qobustandakı heyrətamiz muzey və möhtəşəm Heydər Əliyev Mərkəzi kimi mədəniyyət obyektləriniz var, həmçinin memarlıq abidələri yüksək səviyyədə bərpa olunub. Bütün bunlar vətən sevgisinin və gözəlliyə qayğının parlaq nümunəsidir. Mən də Bakıya böyük həvəslə gəlirəm”.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva