Saatlıda iri və xırdabuynuzlu heyvanların baş sayında artım qeydə alınıb
Saatlı, 17 noyabr, Aydın Yavərzadə, AZƏRTAC
Saatlı rayonunda heyvandarlıq sahəsində uğurlu nəticələr əldə olunub, mal-qaranın baş sayı çoxalıb, cins tərkibi yaxşılaşıb, ət və süd məhsullarının istehsalında artım qeydə alınıb.
Rayon Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, 2022-ci ilin 1 oktyabr vəziyyətinə rayon üzrə təsərrüfatlarda iribuynuzlu mal-qaranın sayı 67952 baş, o cümlədən inək və camışların sayı 32508 baş, qoyun və keçilərin sayı 115228 baş olub. 2021-ci ilin müvafiq dövrünə nisbətən iribuynuzlu mal-qaranın sayı 35 baş, qoyun və keçilərin sayı isə 101 baş artıb. İribuynuzlu mal qaranın tərkibində inək və camışların sayı əvvəlki ilin müvafiq dövrünə nisbətən 68 baş artıb.
Heyvandarlıq sahəsində 1-i dövlət müəssisəsi olmaqla, fəaliyyət göstərən 23 kəndli fermer təsərrüfatı üzrə 2022-ci ilin 1 oktyabr vəziyyətinə iribuynuzlu mal-qaranın sayı 650 baş, o cümlədən inək və camışların sayı 320 baş, qoyun və keçilərin sayı isə 9399 baş olub.
2022-ci ilin yanvar-sentyabr ayları ərzində ət istehsalı diri çəkidə 5931,3 ton, süd istehsalı 32386,4 ton, yumurta istehsalı 11 milyon 129 min ədəd, yun istehsalı 224,1 ton olub. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 4,8 ton ət, 5,1 ton süd, 104 min ədəd yumurta, 7,7 ton çox yun istehsal olunub.