Saatlıda pandemiya qaydalarına riayət edilməsinə dair profilaktik-maarifləndirmə tədbirləri görülür
Saatlı, 11 avqust, Aydın Yavərzadə, AZƏRTAC
Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində pandemiya qaydalarına riayət olunması məqsədilə profilaktik-maarifləndirmə tədbirlərini davam etdirirlər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, şöbə əməkdaşları rayon ərazisində yerləşən iri ticarət mərkəzlərində və digər qapalı məkanlarda tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə edilməsi məqsədi ilə nəzarət-profilaktiki tədbirlər keçirərək, COVID-19 infeksiyasının fəsadları və tibbi maskadan istifadənin zəruriliyi barədə məlumat veriblər. Obyekt sahiblərinə və sakinlərə izahedici söhbətlər zamanı mövcud qaydalara mütləq şəkildə riayət etmələrinin vacibliyi izah olunub.
Bundan əlavə, RPŞ-nin DYP bölməsinin inspektorları sərnişindaşıma ilə məşğul olan nəqliyyat vasitələrinin sürücüləri ilə maarifləndirici söhbətlər apararaq, onlara marşrutlarda sıxlığın yaranmaması və sərnişinlər arasında sosial məsafənin qorunmasının təmin edilməsini tapşırıblar.
Keçirilən tədbirlər zamanı qaydaları pozan şəxslər barədə müvafiq tədbirlər görülüb.