Şaban Donat: Astanada keçiriləcək mundialda Olimpiadaya maksimum sayda lisenziya qazanmağa çalışacağıq
Bakı, 15 fevral, AZƏRTAC
Yunan-Roma güləşi üzrə yığmamız qarşıdakı yarışlara hazırlığı davam etdirir. Millimiz Olimpiya Güləş Mərkəzində təlim-məşq toplanışı keçir. Bir müddət öncə İranda “Təxti kuboku”nda, Türkiyədə Vəhbi Əmrə və Hamit Kaplanın xatirə turnirində qüvvəsini sınayan komandamızın bir neçə üzvü fevralın 22-24-də Macarıstanın Dyor şəhərində keçiriləcək Qran-Pri turnirində mübarizə aparacaq.
AZƏRTAC xəbər verir ki, yığmamızın baş məşqçisi Şaban Donat geridə qalan yarışlar və gələcək planlarla bağlı Azərbaycan Güləş Federasiyasının rəsmi saytına açıqlama verib.
Türkiyəli mütəxəssis bildirib: “Bu turnirlərdə qatılmaqda əsas məqsəd nəticə qazanmaq yox, çatışmazlıqları görmək idi. Bu yarışlar üçün xüsusi hazırlıq görməmişdik. Əsas diqqətimizi böyük turnirlərə ayırmışıq. “Təxti kuboku”nda Arif Niftullayevin (97 kq) çıxışını fərqləndirə bilərəm. Ağır çəkilərdə rəqabət yüksək səviyyədə olmasa da, Arifin İranda yaxşı güləşməsi bizi sevindirdi. Önümüzdə 23 yaşadək güləşçilərin qitə birinciliyi var. Ondan sonra isə böyüklərin Avropa çempionatı gəlir. Bu yarış bizim üçün çox vacibdir və dünya çempionatından əvvəl sınaq xarakteri daşıyacaq. İyunda keçiriləcək ikinci Avropa Oyunları da ilin ən önəmli yarışlarından biridir. Bu Oyunlarda da uğurlu çıxış etmək lazımdır. Astanada keçiriləcək mundialda isə Olimpiadaya maksimum sayda - 6 lisenziya qazanmağa çalışacağıq”.
“Macarıstandakı turnir reytinq xarakterlidir. Bu yarışda uğur qazanmaq ona görə lazımdır ki, dünya və Avropa çempionatlarında püşkatma zamanı reytinqi yüksək olan güləşçilərlə ilk mərhələlərdə qarşılaşmırsan. Sabah Şəriəti (130 kq) bu il ilk yarışına Dyorda çıxacaq. Gələcəyinə ümid bəslədiyimiz güləşçilərdən İslam Abbasov (87 kq) da bu yarışda çıxış edəcək. İstəyirik ki, çatışmayan cəhətləri aradan qaldıraq. Daha bir gənc güləşçimiz Murad Məmmədova (60 kq) da Macarıstanda şans verməyi düşünürük. Çalışmalıyıq ki, yığmada hər çəkidə 2-3 güclü güləşçi olsun. Çünki zədə və xəstəlikdən heç kim sığortalanmayıb. Macarıstandan qayıdandan sonra yeni hazırlıq sistemi tətbiq edəcəyik. Özbəkistan, Türkiyə, Gürcüstan və Ukrayna güləşçiləri ilə birgə toplanış gözlənilir”, - deyə Ş.Donat əlavə edib.
Aşağı çəkilərdə rəqabət baxımından problemin olmadığını deyən mütəxəssis vurğulayıb ki, Azərbaycan idman ölkəsidir. Bu növlərin də başında güləş gəlir. Burda orta bir şey yoxdur, ya yaxşısan, ya da pis. Yaxşı olmaq məcburiyyətindəyik. Bəhanə üçün yer yoxdur.