CƏMİYYƏT
“Sağlam olaq” adlı maarifçilik layihəsindən 350-yə yaxın gənc yararlanacaqdır
Bakı, 10 noyabr (AZƏRTAC). Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə Lənkəranda gənclərin tibbi cəhətdən maarifləndirilməsi, ilkin tibbi yardım vərdişlərinə yiyələnməsi, zərərli meyllərdən uzaqlaşdırılması məqsədilə “Sağlam olaq” adlı layihə həyata keçirilir.
Layihənin icraçısı Aysel Cəbiyeva AZƏRTAC-a bildirmişdir ki, Lənkəran şəhərindəki bir sıra orta və orta ixtisas təhsili müəssisəsində ilkin tibbi yardım göstərilməsi qaydalarına həsr olunmuş seminarlar təşkil ediləcək, o cümlədən narkotik maddələrin törətdiyi fəsadlardan bəhs olunacaqdır. İnkişaf etmiş ölkələrdə məktəblilərə tibb fənni tədris edilir. Nəticədə fövqəladə hallar zamanı yeniyetmə və gənclər hazırlıqlı olur, ilkin tibbi yardımı həyata keçirə bilirlər. Layihədən əsas məqsəd də məhz fövqəladə hallar zamanı zərər çəkənlərə yardım göstərilməsi prosesində gənclərin iştirakını və rolunu artırmaqdır. Layihə çərçivəsində seminarlarla yanaşı, tibbi blikləri iştirakçılara əyani şəkildə çatdırmaq üçün praktiki təlimlər də keçiriləcəkdir.
Dekabrın 1-dək davam edəcək layihədən ümumilikdə 350 nəfərə yaxın gənc yararlanacaqdır.