Sağlam olmaq istəyənlər Vayvariyə gəlsinlər
Riqa, 24 iyul (AZƏRTAC). Yayın əvvəlində Azərbaycandan 30 pasiyent müalicə olunmaq üçün Yurmaladakı “Vayvari” milli reabilitasiya mərkəzinə gəlmişdir.
Onların arasında insult keçirənlər də var, yol-nəqliyyat qəzasında kəllə-beyin travması alanlar da, onurğa sütunu zədələnənlər də. Bu adamların hər birinin tamdəyərli həyata qayıtması üçün burada onlara fərdi müalicə proqramı təklif edilmişdir.
Pasiyentlərdən biri - 30 yaşlı Bakı sakini Cavidan Abdullayev yerli KİV-lərə müsahibəsində demişdir: “Mən anadangəlmə miopatiya xəstəliyindən əziyyət çəkirəm. Bu, oynaqların çox ciddi xəstəliyidir. Dəfələrlə həm öz vətənimdə, həm də xarici ölkələrdə müxtəlif reabilitasiya mərkəzlərində müalicə olunmuşam. Keçən il bu məqsədlə Ukraynaya getmişdim. “Vayvari” haqqında qəti deyə bilərəm ki, o, tibbi xidmət səviyyəsinə və şəraitin rahatlığına görə indiyə qədər gördüyüm bütün müalicə ocaqlarından üstündür”.
“Vayvari” mərkəzinin direktoru Anda Nullenin sözlərinə görə, pasiyentlər Yurmalaya Azərbaycanla Latviya arasında dövlətlərarası saziş əsasında gəlirlər. Direktor vurğulamışdır: “Latviya təbabətinin ixrac presedenti yaranmışdır”.
Yaxın gələcəkdə uşaqlar da müalicə olunmaq üçün “Vayvari”yə gedəcəklər. Burada autizm xəstəliyinin müalicəsi sahəsində ciddi uğurlar qazanılmışdır.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Riqa