Sağlamlıq imkanları məhdud uşaqların tarixi abidələrə ekskursiyası təşkil edilib
Naxçıvan, 23 avqust, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-ci il 15 mart tarixli Sərəncamı ilə təsdiq olunmuş “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Proqramı”nın icrası ilə bağlı müvafiq kateqoriyadan olan uşaqların asudə vaxtının səmərəli təşkili istiqamətində tədbirlər davam etdirilir.
Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, bu məqsədlə növbəti tədbir nazirliyin təşkilatçılığı, sosial könüllülərin iştirakı ilə Naxçıvan şəhərində baş tutub. Tədbir çərçivəsində müvafiq kateqoriyadan olan uşaqlar Naxçıvan şəhərində yerləşən və Şərq memarlığı incilərindən biri olan Möminə Xatun türbəsində, Açıq Səma Altında Muzeydə olub, “Xan Sarayı” Dövlət Tarix-Memarlıq Muzeyində sərgilənən eksponatlara tamaşa ediblər. Daha sonra gəzinti iştirakçıları “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksi ilə tanış olublar.
Tədbirin sonunda uşaqlar çay süfrəsi ətrafında gəzinti ilə bağlı təəssüratlarını bölüşüblər.
Belə tədbirlərin mütəmadi olaraq davam etdirilməsi nəzərdə tutulub.