Azərbaycan Dövlət İnformasiya Agentliyi

Şah İsmayıl fenomeni

Şah İsmayıl fenomeni

Bakı, 27 avqust, AZƏRTAC 

Silahlı Qüvvələrin Hərbi Akademiyasının professoru, tarix elmləri doktoru, ehtiyatda olan polkovnik Mehman Süleymanov Azərbaycan xalqının dövlətçilik tarixində özünəməxsus yeri olan görkəmli dövlət xadimi və sərkərdə, Səfəvi imperiyasının banisi Şah İsmayıl ilə bağlı məqalə yazıb. AZƏRTAC məqaləni təqdim edir.

1555-ci ilin may ayında Amasya sülh müqaviləsi əldə edilənədək Şah Təhmasib ilə Sultan Süleyman arasında çox gərgin münasibət mövcud idi və bu gərginlik iki hökmdarın yazışmalarında da özünü qabarıq şəkildə göstərirdi. Qarşılıqlı ittihamlar, təhdidlər bu yazışmaların aparıcı xəttinə çevrilmişdi. Şah Təhmasib 1554-cü ildə yazdığı cavab məktublarından birində məzhəb məsələləri ilə bağlı Osmanlı sultanının kinayəli iddialarına cavab verərkən tövsiyə edirdi ki, Sultan Süleyman məzhəb məsələləri ilə bağlı fikir söyləyəndə mövzunun mahiyyətindən uzaq olan bəzi alimlərin danışdıqlarına, kimlərinsə nə vaxtsa eşitdiklərinə, hansısa şeyxin yuxuda gördüklərinə, rəvayətlərə əsasən söylənənlərə istinad etməsin, bu mövzuda olan mötəbər təfsirlərlə, risalələrlə tanış olsun.

Tarixi gerçəkliyin ortaya çıxarılması üçün olduqca əhəmiyyət kəsb edən belə bir yanaşma elə indinin özündə də aktuallığını itirməyib. Azərbaycan xalqının dövlətçilik tarixində xüsusi bir səhifə təşkil edən Şah İsmayıl ətrafında son zamanlar aparılan müzakirələr də göstərir ki, yalnız mötəbər tarixi faktların məntiqi əlaqələndirilməsi və dəyərləndirilməsi tarixi həqiqətin meyarlarından biri ola bilər. İctimaiyyətin müəyyən hallarda həssaslıqla qarşıladığı bu müzakirələrdə obyektiv dəyərləndirmələrlə yanaşı, həqiqətə iddiaçı olan subyektiv yanaşmalar da özünü göstərməkdədir. Etiraf edilməlidir ki, ictimaiyyət tərəfindən birmənalı qarşılanmayan belə subyektiv yanaşmalarda müəyyən obyektiv əsas da mövcuddur. Çünki Şah İsmayıl Azərbaycan tarixşünaslığında nə qədər tədqiq olunsa da, onlar Şah İsmayıl fenomeni haqqında tarixi gerçəkliyin açılması, ictimailəşdirilməsi üçün hələ yetərli deyil. Obyektiv və əhatəli tarix ortada olmayanda və yaxud mövcud araşdırmalar oxunmayanda meydanın təhriflər, şayiələr, diletant fikirlər, müəyyən hallarda hətta dedi-qodular tərəfindən tutulacağı şübhəsizdir.

Şah İsmayılın şəxsiyyəti ətrafında qeyri-obyektiv mühitin yaradılması cəhdi, əslində, yeni deyil. Birmənalı şəkildə demək olar ki, bu sahədə artıq bir “məktəb” də formalaşıb və bu “məktəbin” mərkəzi Azərbaycandan kənardadır. Sözsüz, burada belə bir iddia ortaya qoyulmur ki, bu gün Azərbaycan ictimai fikrinə sırınmasına cəhd göstərilən subyektiv yanaşmaları həmin məktəbdən qaynaq alır. Amma Şah İsmayıl tarixini az-çox araşdırmış birisi kimi, bizə də məlumdur ki, bu tarixi şəxsiyyətin fenomenal keyfiyyətləri ilə bağlı Azərbaycandan kənarda aparılan araşdırmalar da demək olar böyük qısqanclıqla qarşılanıb. Bu fenomenal keyfiyyətlərə kölgə salmaq üçün ötəri faktların qabardılmasına, real faktların isə təhrifinə böyük “enerji” sərf olunur. Bu sahədə külüng çalanların gözündən yuxusunu qaçıran isə Şah İsmayılın etnik mənsubiyyəti məsələsidir.

Qeyri-obyektiv qısqanclıqdan və müəyyən hallarda məlumatsızlıqdan doğan bu təhriflərin bəzilərinə Şah İsmayıl haqqında çap edilmiş araşdırmalarda cavab vermişik. Çoxlu sayda təhriflər isə qulaqardına vurulub. Çünki bu təhriflərə məqsədyönlü şəkildə yol verən təsadüfi müəlliflərin adının Şah İsmayılın adı ilə bağlanması və ya onunla birlikdə xatırlanması ən azı Şah İsmayıl ruhuna hörmətsizlik olardı.

Şah İsmayıl şəxsiyyəti haqqında Azərbaycanın ictimai fikrində yanlış təsəvvürün yaradılması ilə bağlı bir neçə il əvvəl də Azərbaycan daxilində bir kampaniya başlanmışdı. Belə kampaniyalara cavab verilməsi baxımından Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutu tərəfindən aparılan maraqlı tədqiqatlarla bərabər, Şah İsmayıl haqqında tərcümə edilib ictimaiyyətə çatdırılan mötəbər mənbələr, habelə 2014-cü ildə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin “Şah İsmayıl Səfəvi: hökmdarın və döyüşçünün portreti” kitabı tutarlı elmi əsərdir. Tarixlə və Səfəvilər mövzusu ilə az-çox məşğul olanlar bilirlər ki, akademik Ramiz Mehdiyevin bu əsərində Şah İsmayıl şəxsiyyətinin dəyərləndirilməsi üçün elmi və obyektiv konseptual çərçivə mövcuddur.

Hazırda elə bir ictimai mühit formalaşıb ki, kimsə digərlərinin kitabını oxumur. Amma Şah İsmayıl kimi bir fenomenə obyektiv qiymət vermək üçün bu haqda yazılmış kitabları belə oxumaq azdır. Şah İsmayıl şəxsiyyətinin doğru-düzgün dəyərləndirilməsi üçün ilkin mənbələrin orijinaldan oxunmasına, bu mənbələrin özlərinin ciddi şəkildə dəyərləndirilməsinə və düzgün qənaət çıxarılmasına ehtiyac vardır. Yalnız bu yolla Şah İsmayıl haqqında günümüzə çatmış məlumatların əsaslarını qeyri-əsaslardan fərqləndirmək, daha obyektiv təsəvvürə malik olmaq mümkündür. Yəni, peşəkarlıq nümayiş etdirmək lazımdır. Kimsəni konkret ünvan seçmədən qeyd etmək lazımdır ki, Şah İsmayıl şəxsiyyəti haqında subyektiv fikirlər irəli sürənlər bir çox hallarda Şah İsmayıl fenomenliyi üçün xarakterik olmayan müəyyən populist məzmunlu iddialar ortaya atırlar və bəzən məntiqə uyğun gəlməyən tarixi müqayisələrə də yer verirlər.

Şah İsmayılın fenomenal tarixi şəxsiyyət olmasını müəyyənləşdirən bir sıra keyfiyyətlər var. Bu keyfiyyətləri danmaq mümkün deyildir. Həmin keyfiyyətləri diqqətdən kənarda qoymaq və ya məlumatsız ictimai fikirdən gizlətmək mümkündür. Şah İsmayıl şəxsiyyətini təftiş etməyə çalışanlar çoxdandır ki, daha çox bu yolla gedirlər. Şah İsmayıl şəxsiyyətinə “yeni baxış” formalaşdırmaq fikrində olanlar çox zaman bilərəkdən və ya bilməyərəkdən məhz bu yolu əsas tuturlar. Hətta Şah İsmayılın şəxsiyyətinin qiymətləndirilməsi üçün tarixi mənbələrə deyil, bədii əsərlərə istinad olunur ki, bu da heç bir elmi məntiqə sığmır. Yəni, indi Şah İsmayıl ilə bağlı ictimai fikrin müzakirəsinə elə məqamlar çıxarılır ki, onların heç biri Şah İsmayılın fenomenallığına aidiyyəti olan məqamlar deyil. Həmin məqamların ortaya atılmasından, onlarla bağlı hansısa ictimai qənaət əldə edilməsindən asılı olmayaraq Şah İsmayılı Şah İsmayıl edən və dünya şəxsiyyətləri zirvəsinə qaldıran tamam başqa keyfiyyətlərdir. Şah İsmayıla məhz bu keyfiyyətlər bucağından qiymət verməklə məsələnin mahiyyətini anlamaq olar və bununla da Şah İsmayıla bağlanan milli qürurun düzgünlüyü ortaya çıxar. Belə keyfiyyətlərdən bəzilərini xatırlatmaq yerinə düşərdi.

Şah İsmayılın dövlətçilik zəkası və təşkilatçılıq qabiliyyəti onun tarixi dəyərini təsdiq edə biləcək ən mühüm keyfiyyətlərdən biridir. Dünya təcrübəsində belə bir hal yoxdur ki, 12-13 yaşlarında bir uşaq ətrafındakı 7 nəfərlik hamisi ilə ayağa qalxsın və dünya mənzərəsini dəyişdirəcək yeni bir dövlət yaratmaq uğrunda hərəkata başlasın və qısa müddətdən sonra da kifayət qədər mürəkkəb və qeyri-münasib bir şəraitdə qarşısına qoyduğu nəhəng vəzifələrin həllinə nail olsun. Şah İsmayıl hələ valideyn qayğısına möhtac olduğu halda bölgədə fırtına qoparan bir hərəkatın lideri, ideya-siyasi ilhamvericisi, on minlərlə insanı öz ətrafında birləşdirən rəhbər olaraq mübarizə meydanına atıldı, bölgənin kifayət qədər güclü dövlətlərini qarşısında diz çökməyə məcbur etdi və Səfəvi dövləti kimi böyük bir imperiyanın əsasını qoydu. İlk baxışdan möcüzə kimi görünəcək bir nəticəyə sahib olması, elə Şah İsmayılın şəxsiyyətinin möcüzəsi sayıla bilər. Bu nağıl deyil və ya İsmayıl Mirzə öz hərəkatına başlayanda dünya o dərəcədə sərsəm vəziyyətdə deyildi ki, 12 yaşında olan hər uşaq dünyanı dəyişdirmək gücünə malik olsun. Normal insan təfəkkürü üçün bəlkə də inanılası bir hadisə deyil. Amma bu doğrudur, kimsə bunu inkar edə bilməz və bu nağılvari möcüzəni yaradan da Şah İsmayıl idi.

Kiçik yaşlarında olmasına baxmayaraq, Şah İsmayıl birmənalı şəkildə başladığı hərəkatın lideri idi. Bu hərəkatın ideya-siyasi xətti, məqsəd və vəzifələri, inkişaf dinamikası, hərəkətverici qüvvələri, strategiyası Şah İsmayıl tərəfindən müəyyənləşdirilirdi və onun rəhbərliyi altında da həyata keçirilirdi. Yəni, on minlərlə insan, təəssübkeş və tərəfdar Şah İsmayılın iradəsinin icraçısına çevrilmişdilər. Özü də bu on minlərlə insan əmin idi ki, hansı yaşda olmasından asılı olmayaraq, yalnız Şah İsmayılın rəhbərliyi altında başlanan hərəkatı uğurlu sonluğa çatdırmaq mümkün olacaqdır və çatdırdılar da. Bütün dünya Şah İsmayıl ilə hesablaşmaq məcburiyyətində qaldı, bütün dünya Şah İsmayıl fenomenini təsdiqləmiş oldu.

Şah İsmayıl Azərbaycan dövlətçiliyinin daha səbatlı təcrübəsini yaratdı və kifayət qədər işlək və səmərəli bir idarəçilik sistemi təşkilatlandırdı. Özündən sonrakı nəsillərə miras qoydu. Bu dövlətçilik sistemi də Şah İsmayılın o zaman üçün yeni və aktual olan dövlətçilik dünyagörüşünün və təfəkkürünün əyani ifadə forması idi. Xüsusilə, Azərbaycan torpaqlarının vahid dövlət çərçivəsində birləşdirilməsi Azərbaycanın dövlətçilik tarixinin yeni bir səhifəsini təşkil edirdi. Şah İsmayılın yaratdığı dövlətçilik 235 il ömür sürdü və xələfləri tərəfindən onun yolunun düzgün davam etdiriləcəyi təqdirdə bu dövlətin ömrü hələ uzun da ola bilərdi.

Şah İsmayıl öz dövlətini Azərbaycanda yaratdı. Azərbaycana sahib olmağı hələ hərəkatının əvvəlində bütün tərəfdarlarına bəyan edən və onların dəstəyini alan Şah İsmayıl bu məqsədə nail olandan sonra səltənətin hüdudlarının genişləndirilməsinə başladı, Azərbaycanı, və müasir İranın bütün ərazisini, Türkiyənin, İraqın, Əfqanıstanın və Orta Asiyanın müəyyən hissələrini birləşdirən böyük imperiya yaratdı. Şah İsmayıl hərəkatının əsas qüvvəsini, ilk növbədə, Azərbaycanın yerli əhalisi, Azərbaycanda və Yaxın Şərqdə yayılan türk tayfaları təşkil edirdi. Şah İsmayılın idarəçilik aparatını, hətta Azərbaycandan kənarda olan vilayətlərin rəhbərliyini Azərbaycan türkləri təşkil edirdilər. Dövlətin güc vasitəsi olan qoşunlar Azərbaycan türklərindən təşkil olunmuşdu, səltənətin ictimai, siyasi, hərbi həyatı türklər tərəfindən müəyyənləşdirilirdi. Belə olan təqdirdə Səfəvilər dövləti nə üçün Azərbaycan dövləti kimi qəbul olunmasın. Bu dövlətin bir çox dəyərlərinin hazırda Azərbaycan sərhədlərindən kənarda qalmasını Şah İsmayılın şəxsiyyətinin təftişi üçün istifadə edilməsi daha çox subyektiv yanaşma olardı. Böyük Britaniya kimi bir dövlət imperiyasını itirsə də imperiya tarixi millətin şərəfli bir tarixi kimi elə indi də anılmaqdadır. Şah İsmayıla və tariximizə münasibətdə də belə bir yanaşma daha məntiqli görünə bilərdi.

Kiçik yaşlarında olmasına baxmayaraq, kütləvi təriqətin və siyasi hərəkatın ideya rəhbəri və təşkilatçısı olması da Şah İsmayılın adına yazılacaq bənzərsiz bir keyfiyyətdir. Şah İsmayıl hərəkatına qoşulmuş olan türk tayfalarının üzvləri mürşidi-kamil olan Şah İsmayıla sonsuz sədaqətlə bağlı idilər. Bu bağlılıq bəzi hallarda ifrat şəkildə də özünü göstərirdi. Doğrudur, bu ifratlığı Şah İsmayıl qəbul etmirdi. Lakin mürşid-mürid arasındakı bu münasibətlər Şah İsmayıl hərəkatı daxilində intizamın, təşkilatçılığın əldə edilməsinin başlıca vasitələrindən biri oldu. Öz hərəkatında dini və siyasi məzmunu vəhdət şəklində birləşdirə bilməsi və bu vəhdəti insanların əqidəsinə çevirə bilməsi də Şah İsmayılın liderlik keyfiyyətinin daha bir parlaq nümayişi idi. Şah İsmayıl hərəkatında dini və siyasi məzmunları bir-birindən ayırmaq mümkün deyil. Bu məzmunlar ayrı-ayrılıqda gözlənilən nəticəni verə də bilməzdi. Amma bu məzmunları bir-birinə qovuşdurmaqla qarşısına qoyduğu ali məqsədə çatmaq üçün Şah İsmayıl daha təsirli və qətiyyətli bir qüvvə və vasitə əldə etmiş oldu.

Dinin və siyasətin Şah İsmayıl tərəfindən yaradılmış vəhdəti onun dövrü və mühiti üçün son dərəcə canlı olan bir dünyagörüşünə və ideologiyaya çevrildi. Bu dünyagörüşü cəhalətə, fanatizmə, korafəhmliyə dayaqlanan bir dünyagörüşü deyildi. Əksinə, həmin dünyagörüşü yeni və uzunömürlü bir dövlətin qurulmasına zəmin yaradan dünyagörüşü və ideologiya oldu. Şah İsmayılın şiəçiliyi də bu gün ifratçılığı ilə seçilən bəzi şiə təmayüllərinin oxşarı deyildi. Təriqət mürşidi kimi, Şah İsmayıl müsəlmanlar arasında dini maariflənmənin, dini zəka və təfəkkürün inkişafının tərəfdarı idi.

Şah İsmayıl yalnız təriqət və siyasi hərəkat lideri deyildi. O həm də Azərbaycan və dünya hərb tarixinin ən yaddaqalan simalarından biridir. Şah İsmayıl dünya tarixinin az-az tanınmış şəxslərindəndir ki, həm siyasi rəhbərliyi, həm hərbi rəhbərliyi, həm də döyüşçülüyü özündə birləşdirmişdi.

Şah İsmayıl soyuq silah dövrünün son böyük cəngavərlərindən biri sayıla bilər. Onda heyrət ediləcək fiziki güc var idi və onun döyüşkənliyi də bu fiziki gücdən qaynaqlanırdı. Hərəkatına başladığı ilk günlərdən də Şah İsmayıl bu hərəkatın vuran əli idi və sonsuz fədakarlıqla bütün döyüşlərin ən qaynar nöqtəsinin gərginliyini öz üzərinə götürərdi. Yəni, Şah İsmayıl hələ kiçik yaşlarından sayı on minlərlə hesablanan düşmən qoşunlarının pərən-pərən salınmasında misilsiz nümunə göstərirdi və bununla bütün qoşunları da öz ardınca aparırdı. Hələ uşaq yaşlarında fiziki güc baxımından Şah İsmayıl bütün Səfəvi döyüşçülərinə nümunə idi və ən güclü düşmən sərkərdələrinin qarşısına da özü çıxardı. Şah İsmayıl fiziki gücün hərbi məharətə çevrilməsinin təsəvvüredilməz təcrübəsini yaratmışdı. Müxtəlif taktiki fəndlərin tətbiqinə diqqət yetirilsə də, Şah İsmayıl öz döyüşlərini daha çox məhz fiziki gücün üzərində qururdu. Həmin fiziki gücün zaman amili ilə istedadla əlaqələndirilməsi isə onun qatıldığı döyüşlərdə uğurun əldə edilməsinin başlıca səbəblərindən birinə çevrilərdi. Bu baxımdan Çaldıran döyüşündə Şah İsmayılın qərar tutduğu cinahda say və təchizat baxımından Səfəvi qoşunlarından müqayisəedilməz dərəcədə fərqlənən Osmanlı qoşunlarına qarşı nümayiş etdirilən fırtına dünya hərb tarixində fiziki gücün hərb məharətinə çevrilməsinin ən yaddaqalan nümunəsi ola bilər.

Çaldıran döyüşü ilə bağlı bir qayda olaraq Şah İsmayıla iradlar tutulur. Sözsüz ki, iki türk dövləti arasında bu döyüşün olmaması həmin dövlətlərin xeyrinə olardı. Lakin bu döyüşün təşəbbüskarı Şah İsmayıl deyildi və bu döyüşə Osmanlı qoşunları ilə müqayisədə çox az qüvvə ilə çıxmışdı. Osmanlı qoşunlarının ümumi sayı ən azı dörd dəfə Səfəvi qoşunlarından üstün idi. Şah İsmayılın döyüşə qoşulduğu sağ cinahda 6-7 min nəfərlik qoşun dəstəsi 50 min nəfərlik Osmanlı qoşunlarına qarşı çıxdı. Səfəvi qoşunlarında bir dənə də olsun odlu silah olmadığı halda onların təkcə sağ cinahının qarşısında Osmanlı ordusunun 100 topu, çoxlu sayda da tüfəngçisi var idi. Topların o zamanlar qarşı tərəfdə dəhşət yarada biləcək silah olmasına baxmayaraq, Şah İsmayıl qılıncı ilə bu cinahda elə bir möcüzə yaratdı ki, həmin möcüzə soyuq silah dövrünün son böyük möcüzəsi sayıla bilər. Osmanlı cinahı gözünü açmadan məhv oldu və Osmanlı mənbələri bildirirlər ki, bu cinahdakılar şəhid oldular. Şah İsmayılın o zaman cəmi 27 yaşı var idi və 50 min nəfərlik toplarla möhkəmləndirilmiş qoşunun məhvinin başlıca səbəbi də Şah İsmayılın vuran qolu idi. Şah İsmayılın qılıncı ilə Osmanlı topunun lüləsinin parçalanması da bu döyüşdə baş vermişdi. Belə bir möcüzəvi döyüş keyfiyyətlərinə malik əfsanəvi döyüşçü hər bir xalqın qürur mənbəyi ola bilər. Elə xalqımızın da qürur mənbəyidir və mübarizliyə ehtiram əlaməti olaraq da onun adına orden təsis edilib.

Əslində, Çaldıran döyüşü ilə bağlı bir məqama da yeni baxışın formalaşdırılmasına ehtiyac var. Qüvvələr nisbəti və tarixi prosesin sonrakı gedişi nəzərə alınmadan Şah İsmayıl bu döyüşdəki uğursuzluğu bəzən ifrat dərəcədə qabardılır. 1812-ci ildə Napoleon qoşunları ilə Borodino yaxınlığındakı döyüşdə rus qoşunlarının komandanı Kutuzov üstün gələ bilməsə də, məhz bu döyüşün gedişində göstərdiyi məharətə görə Rusiyanın ən məşhur sərkərdələri sırasına qalxa bildi. Çünki Napoleon Borodino yaxınlığında qələbə qazanıb Moskvaya daxil ola bilsə də, bir aydan sonra geri dönməli oldu və Rusiyanı çökdürmək niyyətinə nail ola bilmədi. Sultan Səlim isə Çaldıranda uğur əldə edib Təbrizə daxil ola bilsə də, bu şəhərdə heç bir həftə də qala bilmədi. Çünki Şah İsmayılın siyasəti, taktikası Sultan Səlimi buna məcbur etdi. Sultan Səlim Səfəvi dövlətini çökdürə bilmədən geriyə üz tutdu. Yəni, son nəticədə Sultan Səlim istəməsə də Şah İsmayılın qətiyyəti qarşısında duruş gətirə bilmədi və onun iradəsini qəbul etmək məcburiyyətində qaldı.

Şah İsmayıl böyük fateh idi. O, dünya fatehləri arasında özünə layiqli bir yer tutmuş Azərbaycan türkü idi. Yaşının xeyli az olmasına baxmayaraq, son dərəcə döyüşkən qoşun formalaşdıra bilmişdi. Əsasını Azərbaycana və Anadoluya səpələnmiş türk tayfaları təşkil edən Səfəvi qoşunları nizamı, intizamı, mübarizliyi, döyüşkənliyi, ardıcıllığı, sərkərdəsinə sonsuz sədaqəti ilə fərqlənən hərbi qüvvə idi. Şah İsmayılın qayğısı və tələbkarlığı bu qoşunların zərbə qüvvəsini xeyli artırmışdı. Bu qoşunların döyüş fəaliyyəti Şah İsmayıl tərəfindən planlaşdırılır və onun şəxsi rəhbərliyi altında həyata keçirilirdi. Elə bir döyüşü yox idi ki, Şah İsmayıl orada say üstünlüyünə malik olsun. Səfəvi qoşunlarının əldə etdiyi böyük zəfərlər Şah İsmayılın fatehlik və sərkərdəlik bacarığının, təşkilatçılıq məharətinin məntiqi nəticəsi idi. Şah İsmayıl rəhbərlik etdiyi on minlərlə döyüşçünün mənəvi potensialını üzə çıxarıb istiqamətləndirməyi və reallaşdırmağı bacaran sərkərdə idi. Şah İsmayıl tərəfindən rəhbərlik edilən Səfəvi qoşunları soyuq silah dövrünün ən döyüşkən qoşunlarından biri idi. Məhz bu qoşunların mübarizliyi nəticəsində Şah İsmayıl 1501-ci ildə əsası qoyulmuş Səfəvi dövlətinin sərhədlərini xeyli genişləndirə bilmişdi.

Şah İsmayılın məharəti, əzmkarlığı, mübarizliyi, yenilməzliyi hərb işi üçün heç zaman dəyərini itirməyəcək bir nümunə və meyardır. Onun hərbi təfəkkürü və dünyagörüşü isə metodoloji baxımdan hər zaman canlı olaraq qalacaqdır.

Şah İsmayılın Azərbaycan dilinin və ədəbiyyatının inkişafında son dərəcə böyük xidmətləri vardır. O, Azərbaycan dilinin saray (rəsmi) statusunu daha da möhkəmləndirdi, Azərbaycan dilinin inkişafına yeni bir təkan verdi, Azərbaycan dilinə yeni bir münasibət formalaşdırdı.

Şah İsmayılın hakimiyyət illəri Azərbaycan dilində yaranan ədəbiyyatın da yeni bir səhifəsi sayıla bilər. O özü Azərbaycandilli ədəbiyyatın ən gözəl nümunələrini yaratdı və bununla Azərbaycan dilində olan ədəbiyyatın da inkişafına yeni bir təkan verdi. Özü xalq həyatından və yaradıcılığından irəli gələn şeir janrlarında son dərəcə sadə və anlaşıqlı dildə əsərlər yaratmaqla bərabər, Şah İsmayıl çoxlu sayda şairlərin səmərəli yaradıcılığına geniş meydan açdı.

Bədii yaradıcılığında əhatə etdiyi mövzularla Şah İsmayıl ictimai fikir tarixində də dərin izlər buraxmış bir şəxsiyyətdir. Şah İsmayılın hakimiyyətə gəlməsi ilə mədəniyyətin, rəssamlığın, memarlığın inkişafında da yeni bir səhifə açıldı, xüsusi istedadı olan sənətkarlar Səfəvi sarayının qayğısı və himayəsi altına alındı. Şah İsmayıl dövrünün ədəbi məktəbləri bütün Şərqin ədəbi fikrinin inkişafında yeni bir səhifə idi.

Şah Təhmasibin Osmanlı Sultanına göndərdiyi məktublardan birində İmam Hüseyn ilə bağlı maraqlı bir fikir var. Bu fikir məzhəb tarixi ilə bağlı olsa da toxunulan mövzu ilə bağlı ibrətverici keyfiyyətə malikdir. O bildirirdi ki, İmam Hüseyni məhv etməyə çalışsalar da onun məhv etməyə çalışanlar tarix səhnəsindən silinmiş, İmam Hüseyn isə tarixdə canlı olaraq qalmışdır. İndi Şah İsmayıl haqqında hansı məntiqsiz bir iddia ortaya atılsa da, bir Azərbaycan türkü kimi Şah İsmayılın tarixi bənzərsizliyini, Azərbaycan hərbi, dövlətçiliyi və ictimai fikir tarixindəki əzəmətli xidmətlərini və ona olan sevgini azaltmaq mümkün deyildir. Bu sevgi daha çox ağızdan-ağıza keçib gələn məlumatlara əsaslanır. Şah İsmayıl tarixinin öyrənilməsi dərinləşdikcə isə ona olan ehtiram da öz sərhədlərini genişləndirəcəkdir. Şah İsmayıl həm də Allahın lütfünə layiq görülmüş bir kəramət sahibidir. Bu kəramətin sirrini açmaqda isə tək insan zəkası kifayət deyil.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Milli Qurtuluş Günü və müstəqil məhkəmə sisteminin institusional təməlləri

İyunun 14-ü Ümumdünya Qan Donoru Günüdür

15 İyun Türk dünyasının strateji birliyinə aparan yolun başlanğıcı oldu - ŞƏRH

Konqoda Eboladan ölənlərin sayı 149-a çatıb

Floridada helikopter qəzaya uğrayıb, dörd nəfər xəsarət alıb

ABŞ-dən İrana dəniz blokadası: 141 ticarət gəmisi ələ keçirilib

Dünya çempionatı: Braziliya millisi xal itirib

Kaluqa hava limanı fəaliyyətini dayandırıb

Ralf Ranqnik Avstriya millisi ilə yeni müqavilə imzalayıb

Şimali Koreyadan ABŞ-yə cavab: Nüvə dövləti olaraq qalacağıq

İsveçrə yığması dünya çempionatları tarixində ilk penalti qolunu vurub

“Axios”: ABŞ və İran arasında atəşkəsi uzadacaq virtual memorandum hazırlanır

Dünya çempionatı: Qətər son dəqiqə qolu ilə bir xal qazanıb

Tbilisidə 11 əvvəl baş vermiş təbii fəlakət qurbanlarının xatirəsi anılıb

DİN: “Son zəng” tədbirləri yüksək təhlükəsizlik şəraitində başa çatıb

MDU beynəlxalq reytinqdə ilk dəfə iştirak edib, ölkə üzrə 12-ci yerdə qərarlaşıb

Makron Versal sarayında Trampın şərəfinə rəsmi qəbul təşkil edəcək

BDU-da cari tədris ilini ən yüksək ÜOMG ilə bitirən məzunların adları açıqlanıb

Tovuzda ağır yol qəzası olub, ölən var

Belfastda irqi ayrı-seçkiliyə qarşı aksiyaya minlərlə insan qatılıb

Naxçıvanda ildırım düşməsi nəticəsində yanğın baş verib

Marneulidə “Qurtuluşdan Zəfərə” adlı tədbir təşkil olunub

Azərbaycanda daha çox hansı qan qruplarına ehtiyac olur?

15 İyun xalqın strateji seçimi idi – ŞƏRH

Azərbaycan Avropa Olimpiya Komitələrinin Baş Assambleyasında təmsil olunub

Şahin İsmayılov: Milli Qurtuluş Günü müdrik xalqımızın Ümummilli Liderinə yüksək ehtiramının ifadəsidir

Bakı–Naxçıvan marşrutu üzrə bəzi reyslər hava şəraitinə görə təxirə salınıb

Milli Qurtuluş Günü - Azərbaycan dövlətçiliyinin xilası və inkişaf yolunun başlanğıcı

ABŞ Prezidenti: İranla müqavilənin sabah imzalanması planlaşdırılır

Azərbaycan avarçəkənləri Dünya Kubokunda medal qazanıblar

Zaqatalada 2 nəfəri ilan sancıb, onlardan 1-i ölüb

On il sonra Almaniyada 4,3 milyon işçiyə ehtiyac yarana bilər

Heydər Əliyev adına Hərbi Liseyin 26-cı buraxılış mərasimi olub

Şamaxıda II Beynəlxalq Barbekü Festivalı başlayıb

Bu saata olan əsas xəbərlər

Rəsmi Kiyev: Ukrayna heç vaxt bioloji silah hazırlamayıb

Yeni Azərbaycan Partiyası ilə “Belaya Rus” Partiyası arasında Qarşılıqlı Anlaşma və Əməkdaşlıq Memorandumu imzalanıb

15 İyun siyasi iradənin bərpası, planlı inkişafın və uzunmüddətli strategiyanın başlanğıcıdır – ŞƏRH

Atletika üzrə Azərbaycan çempionatına yekun vurulub

Azərbaycan atleti Nazim Babayev karyerasını bitirib

Dünya çempionu olan çövkən üzrə Azərbaycan millisi mükafatlandırılıb

Sabah bəzi magistral avtomobil yollarında görünüş məsafəsi məhdudlaşacaq

Elm və təhsil naziri azad Kəlbəcərin ilk məzununun "Son zəng" tədbirində iştirak edib

TADDEF sədrinin müavini: Türkiyədə Heydər Əliyevin xatirəsini sevgi və ehtiramla anırlar

Çövkən üzrə Azərbaycan millisi dünya çempionu olub VİDEO

Çövkən üzrə Azərbaycan millisi dünya çempionu olub VİDEO

İstedadlı şagirdlərimiz riyaziyyat və məntiq üzrə ASPIRE olimpiadasının qalibi olublar

“Köklərdən inkişafa doğru”: Bakıda “Nine Senses Fest – 2026” festivalı davam edir

Milli Qurtuluş Günü Azərbaycan dövlətçiliyinin xilas edildiyi tarix kimi xalqımızın yaddaşında əbədi yaşayacaq – ŞƏRH

Otuz üç ildən sonra Horovluda “Son zəng” çalınıb

Qazax-Tovuz regionunda 6678 şagird məzun olub

YAP Sədrinin müavini ilə Ulusal Birlik Partiyasının Sədri arasında görüş olub

Paytaxt məktəblərində “Son zəng” tədbirləri təşkil olunub

“Milli Qurtuluş Günü: Zəfər yolunun başlanğıcı”

Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb

Naxçıvanda 3698 şagird məzun olub VİDEO

Naxçıvanda 3698 şagird məzun olub VİDEO

Şəkidə Milli Qurtuluş Günü ilə əlaqədar tədbir təşkil olunub

BŞTİ-nin rəhbərliyi məzunları təbrik edib

Ukrayna Müdafiə Qüvvələri Rusiyanın bir sıra obyektlərinə zərbələr endirib

“Türkiyənin Süni İntellekt üzrə 2026-2030-cu illər üçün Fəaliyyət Planı” açıqlanıb

Mil-Muğan regionu üzrə 4841 şagird məzun olub

Kipr Türk Tarix Cəmiyyəti 63 ildən sonra yenidən qurulub

Oman sahilləri yaxınlığında tanker gəmisinə mərmi dəyib

Qaxda sərbəst güləş üzrə turnirdə 40 yeniyetmə idmançı mübarizə aparıb

Laçın şəhər məktəbində “Son zəng” sevinci: 11 şagird məzun oldu

Türk ölkələrinin gəncləri Almatıda ekoloji aksiya keçiriblər

Media: İlon Maskın pullarını saymaq üçün 31 min 700 il lazımdır

Bakıda Şimali Kipr Türk Cümhuriyyətinin Mədəniyyət Günlərinin açılışı olub

Qələbənin yetişdirdiyi ilk məzunlar: Xıdırlıda unudulmaz gün - FOTOLAR VİDEO

Qələbənin yetişdirdiyi ilk məzunlar: Xıdırlıda unudulmaz gün - FOTOLAR VİDEO

Şuşada TDT ölkələrinin rəqabət siyasəti üzrə əməkdaşlığı müzakirə olunub, Birgə Kommünike imzalanıb VİDEO

Şuşada TDT ölkələrinin rəqabət siyasəti üzrə əməkdaşlığı müzakirə olunub, Birgə Kommünike imzalanıb VİDEO

Lənkəran və Astara məktəblərində “Son zəng” çalınıb

Bu il 193 nömrəli tam orta məktəbdən 120 şagird məzun olub

Şuşada çalınan “Son zəng” 16 məzunu müstəqil həyata səsləyib VİDEO

Şuşada çalınan “Son zəng” 16 məzunu müstəqil həyata səsləyib VİDEO

Şəki şəhər Kimya-biologiya təmayüllü liseyin məzunları “Son zəng”in sevincini yaşayıblar

İsrail Livanın cənubundakı hədəflərə yenidən zərbə endirib

Britaniyada Kral III Çarlzın rəsmi ad günü qeyd olunur - FOTOLAR

TDT Ölkələrinin Rəqabət Qurumları Rəhbərlərinin 3-cü İclasında birgə kommünike qəbul olunub VİDEO

TDT Ölkələrinin Rəqabət Qurumları Rəhbərlərinin 3-cü İclasında birgə kommünike qəbul olunub VİDEO

Bakıda Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri Ünal Üstelin iştirakı ilə mətbuat konfransı təşkil olunub

Vüqar Rəhimzadə: Qurtuluşdan başlanan yol Azərbaycanı yeni zirvələrə və qələbələrə aparacaq

Startaplar üçün müsabiqənin növbəti mərhələsinə start verilib

Sahibə Qafarova Kamboca Krallığı Senatının sədr müavini ilə görüşüb

Azərbaycan Universitetində Milli Qurtuluş Günü qeyd olunub

Ünal Üstel: Azərbaycanda ortaq mədəniyyətimiz və gələcəyimiz naminə çalışırıq

Xankəndi, Xocalı və Ağdərə məktəblərində 60 məzun üçün “Son zəng” çalınıb VİDEO

Xankəndi, Xocalı və Ağdərə məktəblərində 60 məzun üçün “Son zəng” çalınıb VİDEO

Bakıda “RobotChallenge 2026” texnologiya yarışı start götürüb

Ağdam məktəbinin builki tək məzunu: Öz ata-baba yurdumda məzun olmaq böyük qürurdur VİDEO

Ağdam məktəbinin builki tək məzunu: Öz ata-baba yurdumda məzun olmaq böyük qürurdur VİDEO

Türkiyəyə 16 ölkədə axtarışda olan 90 nəfər ekstradisiya olunub

Ağcabədidə tam orta təhsil səviyyəsini bitirən 1466 məzun üçün “Son zəng” çalınıb

Avropa İttifaqı Ukrayna və Moldova ilə üzvlük danışıqlarına başlayır

Baş nazir Əli Əsədov Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri ilə görüşüb

Son illərdə ölkədə qan donorlarının sayı davamlı şəkildə artır VİDEO

Son illərdə ölkədə qan donorlarının sayı davamlı şəkildə artır VİDEO

Sabah Bakıda və Abşeron yarımadasında qısamüddətli yağış yağacaq

Ağdam şəhərində 33 il sonra “Son zəng” çalınıb

Milli Qurtuluş Günü müasir Azərbaycanın siyasi, iqtisadi və ideoloji dayağıdır - ŞƏRH

Bu il 102 nömrəli tam orta ümumtəhsil məktəbindən 150 şagird məzun olub VİDEO

Bu il 102 nömrəli tam orta ümumtəhsil məktəbindən 150 şagird məzun olub VİDEO

Birol Küle: Türk dövlətləri son illərdə iqtisadi inkişaf nümayiş etdirirlər VİDEO

Birol Küle: Türk dövlətləri son illərdə iqtisadi inkişaf nümayiş etdirirlər VİDEO

Nazir müavini: Gənclərin texnologiyaların yalnız istifadəçisi deyil, həm də yaradıcısı olmağını istəyirik

Türkiyə millisi dünya çempionatında mübarizəyə başlayır

Bu saata olan əsas xəbərlər

Ankarada “Səda” musiqi kurslarının hesabat konserti təşkil edilib

Böyük Britaniya və Şimali İrlandiyanın Kralı Əlahəzrət III Çarlza