“ŞAHDƏNİZ” LAYİHƏSİ ÜZRƏ DÖRDÜNCÜ QİYMƏTLƏNDİRMƏ QUYUSU QAZILIR
SDX-04 qiymətləndirmə quyusunun ümumi dərinliyi 7 min metrdən artıq olacaqdır. Əvvəlki üç axtarış-kəşfiyyat və qiymətləndirmə quyusu yatağın şimal cinahının qiymətləndirilməsi və 1-ci mərhələ üzrə ehtiyatların müəyyənləşdirilməsi məqsədi daşıyırdı. SDX-04 quyusu isə yatağın cənub cinahındakı ehtiyatları müəyyən edəcək, eləcə də, daha dərin laylarda qazın olub-olmadığını, kommersiya səmərəliliyini öyrənməyə imkan yaradacaqdır. SDX-04 quyusunun qazılması təxminən altı ay çəkəcəkdir. “Şahdəniz”dən ilk qaz əldə olunduqdan sonrakı üç il ərzində təkcə bu quyu Azərbaycana ümumilikdə təxminən 3 milyard kubmetr əlavə təbii qaz verəcəkdir.
Dördüncü öncəqazma quyusu (SDA-04) “Şahdəniz” yatağında dayaq tavasından 6 min 189 metr dərinliyində qazılmışdır. Quyuda karotaj aparılmış və qoruyucu istismar kəməri buraxıldıqdan sonra quyu müvəqqəti olaraq bağlanmışdır. TPG-500 platforması bu il dənizdə quraşdırıldıqdan sonra bu quyuda tamamlanma işləri aparılacaq və qaz hasilatı quyusu kimi istismara veriləcəkdir.