Sahibkarlarla Rusiyaya yumurta ixracı sahəsindəki vəziyyət müzakirə olunub
Bakı, 1 dekabr, AZƏRTAC
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyində (AQTA) xarici ölkələrə yumurta ixrac edən sahibkarlarla görüş olub.
Görüşdə agentliyin sədrinin müavinləri Balarəhim Quliyev, Əziz Şərifov, qurumun şöbə müdirləri və sahibkarlar iştirak edib.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, müzakirə zamanı xarici ölkələrə yumurta ixracı sahəsindəki vəziyyət bir daha nəzərdən keçirilib. Həmçinin AQTA ilə Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti ("Rosselxoznadzor") arasında əldə edilən razılaşmaya uyğun olaraq, respublikamızdan həmin ölkəyə yumurta ixracının təşkil edilməsi ilə əlaqədar məsələlər müzakirə olunub, bu sahədə həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verilib.
Sahibkarlar mövcud qanunvericilik və tələblər barədə məlumatlandırılıb, eyni zamanda bu sahədə mövcud olan imkanlar və gələcək perspektivlər nəzərdən keçirilib.
Görüşdə sahibkarların fikir və təklifləri dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb, aidiyyəti üzrə müvafiq göstərişlər verilib.
Qeyd edək ki, AQTA ilə "Rosselxoznadzor" arasında əldə edilmiş razılaşma Rusiya Federasiyasına yumurta məhsulu ixracı baxımından böyük iqtisadi imkanlar yaradacaq, təsərrüfatların genişlənməsinə və daha da inkişafına gətirib çıxaracaq.
Agentlik bundan sonra da Azərbaycan istehsalçılarının xarici ölkələrə çıxış imkanlarına dəstəyini əsirgəməyəcək və ixrac potensiallı yerli biznesin, sahibkarlığın inkişafı üçün səylərini davam etdirəcək.