SAHİBKARLIĞIN İNKİŞAFINA MANE OLAN HALLARIN QARŞISI BUNDAN SONRA DA QƏTİYYƏTLƏ ALINACAQDIR
Yanvarin 31-də Azərbaycanın daxili işlər naziri, general-polkovnik Ramil Usubov Türk Sənayeçi və İş Adamları Beynəlxalq Cəmiyyəti (TÜSİAB) idarə heyətinin üzvləri ilə görüşmüşdür.
Daxili İşlər naziri qonaqlara Azərbaycan Prezidenti Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışından sonra həyata keçirilmiş əsaslı hüquqi-demokratik, sosial-iqtisadi islahatlar, bu müddətdə cinayətkarlığa qarşı prinsipial və qətiyyətli mübarizə tədbirləri barədə məlumat vermişdir. Qeyd olunmuşdur ki, respublikamızda kriminogen durumun nəzarət altına alınması iqtisadi islahatların sürətlə aparılmasına, iqtisadiyyatın bir çox sahələrinə külli miqdarda xarici sərmayənin qoyulmasına, əcnəbi iş adamlarının həvəslə Azərbaycana gəlmələrinə əlverişli şərait yaratmışdır.
Daha sonra daxili işlər naziri ötən il sentyabrın 28-də Prezident Heydər Əliyevin imzaladığı “Sahibkarlığın inkişafına mane olan müdaxilələrin qarşısının alınması haqqında” Fərmanın tələblərinə uyğun olaraq DİN-də də bir sıra struktur islahatları aparıldığını, sərbəst bazar iqtisadiyyatının və sahibkarlığın inkişafına mane olan bütün halların qarşısının alınması üçün təxirəsalınmaz tədbirlər görüldüyünü diqqətə çatdırmışdır.
Səmimi qəbula və ətraflı məlumata görə minnətdarlığını bildirən TÜSİAB-ın sədri Kemal Yazıçıoğlu respublikamızda və onun paytaxtında türk iş adamlarının özlərini vətəndəki kimi hiss etdiklərini, dövlətimizin başçısı Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycanda geniş quruculuq işləri aparıldığını, sabitlik yaradıldığını, polis əməkdaşları tərəfindən şəxsi və əmlak təhlükəsizliklərinin tam təmin olunduğunu məmnunluqla vurğulamışdır.
İşgüzar şəraitdə keçən görüşə yekun vuran nazir Ramil Usubov TÜSİAB-ın idarə heyətinin üzvlərini əmin etmişdir ki, sahibkarlığın inkişafına mane ola biləcək bütün halların qarşısı bundan sonra da qətiyyətlə alınacaq, belə hərəkətlərə yol vermiş polis işçiləri barədə ən ciddi tədbirlər görüləcəkdir.