Şahin Bağırov: Ağbənd keçid məntəqəsi üzrə işlərin yaxın müddətdə tamamlanması nəzərdə tutulur VİDEO
Bakı, 8 may, AZƏRTAC
İşğaldan azad olunmuş ərazilərdə həyata keçirilən genişmiqyaslı quruculuq və bərpa işləri çərçivəsində gömrük infrastrukturunun inkişafı istiqamətində də mühüm addımlar atılır. Bu ərazilərdə gömrük nəzarətinin təşkili, yüklərin operativ rəsmiləşdirilməsi və keçid imkanlarının artırılması məqsədilə Dövlət Gömrük Komitəsi tərəfindən ardıcıl tədbirlər həyata keçirilir.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov bildirib.
Komitə sədri qeyd edib ki, Prezident İlham Əliyev tərəfindən həyata keçirilən uğurlu siyasət nəticəsində işğaldan azad olunmuş ərazilərdə sürətli quruculuq prosesi aparılır.
“Həmin ərazilərdə yeni sənaye müəssisələri, sosial və təhsil obyektləri, yol və nəqliyyat infrastrukturu yaradılır. Gömrük orqanları da bu prosesdə aktiv iştirak edir. Azad olunmuş ərazilərdə gömrük nəzarətinin təşkili məqsədilə Şərqi Zəngəzur Gömrük İdarəsi yaradılıb və hazırda fəaliyyətini davam etdirir. İdarə həmin ərazilərə gətirilən yüklərin və avadanlıqların rəsmiləşdirilməsini həyata keçirir, eyni zamanda, nəzarət funksiyalarını icra edir. Keçid məntəqələrinin inkişafı istiqamətində də mühüm işlər görülür. Hazırda isə Ağbənd keçid məntəqəsi üzrə işlər davam etdirilir və yaxın müddətdə layihənin tamamlanması nəzərdə tutulur”, – deyə o bildirib.