ASEAN ölkələrinin liderləri Yaxın Şərq müharibəsinin nəticələrini müzakirə edirlər
Bakı, 8 may, AZƏRTAC
Cümə günü Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyasının (ASEAN) Filippində keçirilən 48-ci Zirvə toplantısında bir araya gələn dövlət və hökumət başçıları qlobal enerji təchizatını pozan ABŞ-İran müharibəsinin yaratdığı problemləri müzakirə edirlər.
AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, Filippin Prezidenti Ferdinand Markos liderlərə müraciət edərək regionun qarşısında duran çətinliklərin öhdəsindən gəlmək üçün birliyə və qətiyyətə çağırıb: “Bu gün ASEAN-ın çağırışlara birlik, müdriklik və qətiyyətlə cavab vermək qabiliyyətini nümayiş etdirmək üçün bir araya gəlirik”.
Markos əlavə edib: “Yaxın Şərqdə getdikcə dəyişən vəziyyət regionumuza təsir göstərib və bizi həyat tərzini, dolanışıqları təhdid edən qeyri-müəyyənliklər qarşısında çevik davranmağa məcbur edib”.
O vurğulayıb: “Əgər ASEAN-ın onilliklər ərzində öyrəndiyi bir dərs varsa, o da çətin dövrlərin bizi birləşdirməsi zərurətidir”. Markos bu sammitin ASEAN-a regional əməkdaşlığı, iqtisadi dayanıqlığı və davamlılığı inkişaf etdirmək üçün dəyərli fürsət verdiyini bildirib.
Beynəlxalq Enerji Agentliyinin məlumatına görə, müharibə başlamazdan əvvəl Hörmüz boğazından keçən xam neftin təxminən 80 faizi Asiya bazarlarına göndərilirdi və Çin, Hindistan, Yaponiya əsas idxalçılar idi. ASEAN ölkələrinin alternativ enerji mənbələri və marşrutları yaratması sammitin əsas müzakirə mövzusudur.