Əlcəzairdə Ulu Öndər Heydər Əliyevin 103-cü ildönümü qeyd edilib
Bakı, 8 may, AZƏRTAC
Azərbaycanın Əlcəzairdəki səfirliyində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə səfirliyin əməkdaşları, Azərbaycan diasporunun nümayəndələri, Əlcəzairdə yaşayan, işləyən və təhsil alan həmvətənlərimiz iştirak ediblər.
Əvvəlcə Ümummilli Liderin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən Azərbaycanın Əlcəzairdəki səfiri Tural Rzayev Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin qurulması və möhkəmləndirilməsi istiqamətində misilsiz xidmətlərindən danışıb. Diplomat qeyd edib ki, Heydər Əliyev xalqımızın tarixində müstəsna rol oynayan böyük dövlət xadimi və müstəqil Azərbaycanın memarıdır.
Səfir bildirib ki, Ümummilli Lider ölkədə demokratik cəmiyyətin formalaşdırılması, sabitliyin təmin olunması və dövlətin inkişafı istiqamətində mühüm addımlar atıb. Tural Rzayev Ulu Öndərin həyat və fəaliyyətindən, dövlətçilik təcrübəsi və uzaqgörən siyasəti nəticəsində Azərbaycanın əldə etdiyi uğurlardan bəhs edib.
Səfir qeyd edib ki, bu gün Ümummilli Liderin siyasi kursu Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və Azərbaycan regionun aparıcı dövlətlərindən birinə çevrilib. Diplomat Azərbaycanın beynəlxalq münasibətlər sistemində nüfuzunun gündən-günə artdığını diqqətə çatdırıb.
Tədbirdə çıxış edən Əlcəzairdəki Azərbaycan diasporunun nümayəndəsi Xumar Nəbiyeva isə Ümummilli Liderin mədəniyyət, təhsil və səhiyyə sahələrində həyata keçirdiyi islahatlardan danışıb. O bildirib ki, Heydər Əliyev hələ SSRİ dövründə azərbaycanlı gənclərin xaricdə təhsil alması üçün geniş imkanlar yaradıb, həmçinin xaricdə yaşayan soydaşlarımızla işin gücləndirilməsi məqsədilə xüsusi dövlət qurumunun formalaşdırılmasına böyük önəm verib.
Tədbir çərçivəsində iştirakçılar Ümummilli Liderə həsr olunmuş fotosərgi ilə tanış olub, daha sonra onun həyat və fəaliyyətindən bəhs edən sənədli filmə baxıblar.
Bununla yanaşı, Əlcəzair, Tunis və Mavritaniya mətbuatında Azərbaycan xalqının Ümummilli Liderinə həsr edilmiş məqalələr dərc olunub.