“Azərkosmos” DIFI Konsorsiumuna üzv olub
Bakı, 8 may, AZƏRTAC
“AZCON Holdinq”in şirkətlərindən olan “Azərkosmos” beynəlxalq DIFI (Digital Intermediate Frequency Interoperability) Konsorsiumuna üzv olub.
Bu barədə AZƏRTAC-a “Azərkosmos”dan bildirilib.
Qeyd edək ki, DIFI Konsorsiumu peyk rabitəsi sənayesində müxtəlif sistem və platformalar arasında uyğunluğun artırılması, peyk idarəetmə mərkəzlərinin rəqəmsallaşması, açıq standartların inkişafı və gələcək nəsil peyk rabitə həllərinin təşviqi məqsədilə fəaliyyət göstərən beynəlxalq təşkilatdır.
Konsorsiumun tərkibində dünyanın aparıcı peyk operatorları, texnologiya şirkətləri və sənaye iştirakçıları təmsil olunur.
Yeni üzvlük “Azərkosmos”un innovativ və dayanıqlı rəqəmsal infrastrukturun təşviqi istiqamətində fəaliyyətini daha da gücləndirəcək. Bu addım ölkənin rəqəmsal transformasiya və texnoloji inkişaf istiqamətində həyata keçirilən strateji təşəbbüsləri dəstəkləyir.
“Azərkosmos”un konsorsiuma üzvlüyü quruma texniki işçi qruplarında iştirak etmək, sənaye standartlarının formalaşdırılması prosesinə töhfə vermək və qlobal peyk rabitəsi ekosistemində beynəlxalq əməkdaşlığı daha da genişləndirmək imkanı yaradacaq. Üzvlük eyni zamanda yeni kommersiya imkanlarının yaradılması, peşəkar təlimlərə çıxış, eləcə də bu sahədə beynəlxalq standartlara cavab verən proqram təminatı və normativ yanaşmaların tətbiqi baxımından da mühüm əhəmiyyət daşıyır.
Qeyd edək ki, “Azərkosmos” həmçinin Dünya Teleport Assosiasiyası (WTA), İslam Ölkələri Kosmik Elmlər və Texnologiyalar Şəbəkəsi (ISNET), Qlobal Peyk Operatorları Assosiasiyası (GSOA), Beynəlxalq Astronavtika Federasiyası (IAF) və digər beynəlxalq təşkilatların aktiv üzvüdür.