Davamlı inkişaf və siyasi varislik: Heydər Əliyev irsi kontekstində
Bakı, 8 may AZƏRTAC
Mayın 8-də Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi və Molekulyar Biologiya İnstitutu tərəfindən “Davamlı inkişaf və siyasi varislik: Heydər Əliyev irsi kontekstində” mövzusunda konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, konfransda AMEA-nın vitse-prezidenti, Molekulyar Biologiya İnstitutunun direktoru vəzifəsini icra edən akademik İradə Hüseynova Ümummilli Lider Heydər Əliyevin dövlətçilik fəlsəfəsinin yenidən dəyərləndirməyin və onun müəyyənləşdirdiyi strateji inkişaf xəttini elmi baxımdan təhlil etməyin xüsusi aktuallıq kəsb etdiyini bildirib.Qeyd edib ki, Heydər Əliyev adı Azərbaycan tarixində dövlətçilik, sabitlik, uzaqgörənlik və milli maraqlara sədaqət anlayışları ilə bütöv bir sistem təşkil edir. Ulu Öndərin elm və təhsil siyasəti milli intellektual potensialın formalaşmasına, yüksəkixtisaslı kadrların yetişdirilməsinə və Azərbaycan elminin inkişafına mühüm töhfə verib. Bu gün də onun siyasi kursu Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilərək ölkənin davamlı inkişafı, suverenliyinin möhkəmləndirilməsi və Qarabağda genişmiqyaslı bərpa prosesinin həyata keçirilməsi ilə nəticələnir.
Daha sonra Ulu Öndərə həsr olunmuş videoçarx nümayiş etdirilib.
Konfrans çərçivəsində müstəqil dövlətçilik və siyasi varislik modeli, ekoloji siyasət və davamlı inkişaf, şəhərsalma strategiyaları, qadın və gənclər siyasəti, eləcə də elm və təhsil sahəsində Heydər Əliyev irsinin müxtəlif istiqamətlərini əhatə edən məruzələr dinlənilib.