Ümummilli Liderin əziz xatirəsi İstanbulda ehtiramla yad edilib
İstanbul, 8 may, AZƏRTAC
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ilə əlaqədar Ulu Öndərin İstanbulun Sarıyer rayonundakı Heydər Əliyev Parkında ucaldılan abidəsi ziyarət olunub. Ulu Öndərin əziz xatirəsi ehtiramla yad edilib, abidəsi önünə əklillər və gül dəstələri düzülüb.
AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycanın İstanbuldakı baş konsulu Nərminə Mustafayeva, Sarıyer Bələdiyyəsinin sədri Mustafa Oktay Aksu, qardaş ölkədə təhsil alan və təlimdə olan hərbçilərimiz, Sarıyer bələdiyyəsinin, konsulluğun və Azərbaycanın dövlət qurumlarının Türkiyədəki təmsilçiliyinin əməkdaşları, diplomatlar, rəsmi şəxslər, ziyalılar, media və QHT-lərin nümayəndələri iştirak ediblər.
Mərasimdə çıxış edən baş konsul Nərminə Mustafayeva və Mustafa Oktay Aksu Ulu Öndərin Türk dünyasının gələcəyinə dair baxışları haqqında danışıb, onun Azərbaycan-Türkiyə əlaqələrinin inkişafındakı rolu, müasir Azərbaycanın yenidən qurulması və bu gün dünya miqyasında tutduğu yerə gəlməsi istiqamətində göstərdiyi misilsiz xidmətlərdən, həmçinin Heydər Əliyev irsi və onun əsasını qoyduğu siyasi xətdən bəhs ediblər.
Natiqlər bu siyasi xəttin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi sayəsində əldə olunan şanlı Qarabağ Zəfərini xüsusi qeyd edərək, bunun bütövlükdə Türk dünyasının Zəfəri olduğunu vurğulayıblar.
Tədbir iştirakçıları Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün bu ərazidəki büstünü də ziyarət edərək önünə gül dəstələri qoyublar.