Qvendolin Kollaço: “Azərbaycan pavilyonu mədəniyyətlərin və beynəlxalq əməkdaşlığın qovşağını təmsil edir”
Venesiya, 8 may, AZƏRTAC
Bu layihənin bütün mərhələlərinin - ilkin konseptual ideyaların formalaşmasından son tamamlanma işlərinə qədər - ahəngdar şəkildə bir araya gəlməsində iştirak etmək mənim üçün böyük məmnunluqdur.
61-ci Venesiya Biennalesindəki Azərbaycan milli pavilyonunun kuratoru Qvendolin Kollaço AZƏRTAC-a müsahibəsində deyib.
Kurator qeyd edib ki, bu il pavilyonda təqdim olunan əsərlər yüksək peşəkarlıq və güclü yaradıcı yanaşma ilə seçilir. Onun sözlərinə görə, Faig Ahmed layihədə həqiqətən möhtəşəm iş ortaya qoyaraq, təsirli və unikal bir sənət nümunəsi yaradıb.
Qvendolin Kollaço pavilyonun hazırlanmasında iştirak edən bütün komanda üzvlərinə təşəkkürünü ifadə edərək bildirib ki, onların əməyi və dəstəyi layihənin son mərhələlərinin uğurla tamamlanmasında həlledici rol oynayıb.
Onun sözlərinə görə, Azərbaycan pavilyonu mədəniyyətlərin və beynəlxalq əməkdaşlığın kəsişmə nöqtəsini əks etdirir: “Bu təcrübə bir daha göstərir ki, Azərbaycan Pavilyonu mədəniyyətlərin və beynəlxalq əməkdaşlığın qovşağını təmsil edir. Faiq Əhmədin sənəti müxtəlif yaradıcı istiqamətləri bir araya gətirərək ölkənin ən önəmli mədəni ifadələrindən birini dünyaya təqdim edir”.
Kurator əlavə edib ki, pavilyonun konseptual dili yalnız ənənəvi xalça ornamentləri ilə məhdudlaşmır. Burada elmi kodlar və cəbri ifadələrin qeyri-adi sintezi yeni estetik baxış formalaşdırır.
“Bu yanaşma yeni vizual dillərin yaranmasına imkan yaradır və incəsənəti kainatı anlamağın yeni bir paradiqmasına çevirir”, – deyə Qvendolin Kollaço vurğulayıb.