Xan Şuşinski Fondunun prezidenti: Musiqinin ən böyük gücü onun sərhəd tanımamasındadır
Bakı, 22 sentyabr, AZƏRTAC
Bu il dahi muğam ustadı Xan Şuşinskinin anadan olmasının 125 illik yubileyi, eyni zamanda, onun adını daşıyan Xan Şuşinski Fondunun yaradılmasının 15 illiyi qeyd edilir. Fond fəaliyyətə başladığı ilk gündən dövlətimizin diqqət və qayğısı ilə əhatə olunub. Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə Fond tərəfindən milli-mənəvi dəyərlərimizin, Azərbaycan musiqisinin və muğam sənətimizin təbliği istiqamətində onlarla uğurlu layihə həyata keçirilib.
Bu layihələrdən biri də Azərbaycan Respublikası QHT-lərə Dövlət Dəstəyi Agentliyinin və Azərbaycanın Çin Xalq Respublikasındakı səfirliyinin dəstəyi, Xan Şuşinski Fondunun təşkilatçılığı ilə Pekində keçirilən “Ay işığında İpək Yolu: Azərbaycan və Çin musiqi harmoniyasında” adlı konsert proqramıdır. Milli musiqimizin dünyada təbliği və Azərbaycanla Çin arasında mədəni əlaqələrin daha da inkişaf etdirilməsi məqsədi daşıyan layihə çərçivəsində iki xalqın zəngin musiqi irsi bir araya gətirilib.
Bunu AZƏRTAC-a açıqlamasında Xan Şuşinski Fondunun prezidenti, görkəmli muğam ifaçısı Xan Şuşinskinin qızı Bəyimxanım Cavanşirova-Verdiyeva deyib.

Onun sözlərinə görə, konsert proqramında Azərbaycan muğamı, xalq və bəstəkar musiqisi ilə yanaşı, Çin musiqisinin nümunələri də təqdim olunub. Azərbaycan musiqisini kamançada Əməkdar artist Toğrul Əsədullayev, tarda Rüstəm Müslümov, xanəndə kimi isə Nisbət Sədrayeva təqdim ediblər. Həmçinin çinli sənətkarların ifasında səsləndirilən milli musiqi nümunələri və özünəməxsus musiqi alətlərinin səs harmoniyası Azərbaycan musiqisi ilə vəhdət təşkil edərək konsert proqramına xüsusi rəng qatıb.
Bəyimxanım Cavanşirova-Verdiyeva qeyd edib ki, Xan Şuşinski Fondunun 15 illik fəaliyyəti dövründə Azərbaycan milli musiqisinin dünyada təbliği istiqamətində mühüm layihələr icra edilib. Fondun təşkilatçılığı ilə dünyanın 13 ölkəsində Azərbaycan musiqisinin təbliğinə və təşviqinə həsr olunmuş tədbirlər keçirilib, görkəmli sənətkarlarımızın yubiley, xatirə və yaradıcılıq gecələri, eləcə də müxtəlif bayram konsertləri təşkil olunub.
“Biz xoşbəxt xalqıq ki, zəngin və qədim tarixə malik milli-mənəvi dəyərlərimiz, muğamımız, xalq və aşıq musiqimiz, milli rəqslərimiz var. Hər bir xalq özünün qədim tarixi, qəhrəmanlıq salnaməsi ilə yanaşı, milli-mənəvi dəyərləri ilə də tanınır. Azərbaycan xalqının milli musiqi irsi isə əsrlər boyu formalaşaraq bu günümüzə qədər gəlib çatan misilsiz xəzinədir.
Musiqinin ən böyük gücü onun sərhəd tanımamasındadır. Musiqini duyan, dəyərləndirən və anlayan insan üçün onun dili yoxdur. Musiqi tarix boyu xalqlar arasında dostluq və qardaşlıq körpüsü rolunu oynayıb. Bu baxımdan, Azərbaycan və Çin musiqi ənənələrinin Pekində bir səhnədə təqdim olunması iki xalq arasında mədəni dialoqun, qarşılıqlı hörmət və dostluğun ifadəsi idi”, - deyə Fondun prezidenti bildirib.
Müxbir – Gülay Nəzərova