Ramil Ağayev: Qafqaz Albaniyası Azərbaycan ərazisində yaranmış dövlətlərdən biridir
Bakı, 22 sentyabr, AZƏRTAC
Qafqaz Albaniyasının tarixi coğrafiyası və Azərbaycan tarixindəki yeri ilə bağlı məsələlər AMEA-da keçirilən konfransda diqqətə çatdırılıb.
AZƏRTAC xəbər verir ki, AMEA A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun Atropatena–Albaniya (Qafqaz) tarixi şöbəsinin müdiri dosent Ramil Ağayev çıxışında Qafqaz Albaniyasının Azərbaycan ərazisində yaranmış qədim dövlətlərdən biri olduğunu bildirib. O qeyd edib ki, Albaniya dövləti eramızdan əvvəl IV əsrin sonlarından eramızın 705-ci ilinə qədər tarixi Azərbaycan torpaqlarında mövcud olub. Albaniyanın ərazisi şimalda Qafqaz dağları, cənubda Araz çayı, şərqdə Xəzər dənizi, qərbdə isə İberiya ilə əhatə olunub.
R.Ağayev bildirib ki, bu ərazi tarixi mənbələrdə müxtəlif adlarla təqdim edilib. Suriya və pəhləvi mənbələrində Aran, gürcü mənbələrində Rani, erməni mənbələrində isə Ağvan, Alban və Aluanak adlarına rast gəlinir. VII əsrdən sonra ərəb mənbələrində də Aran adı işlədilib.
R.Ağayevin sözlərinə görə, Albaniya (Qafqaz Albaniyası) Azərbaycan ərazisində yaranmış dövlətlərdən biridir. O bildirib ki, Albaniya dövlətinin tarixi əraziləri ilə bağlı müxtəlif iddialar irəli sürülür. Xüsusilə Kürün sağ sahilində yerləşən əyalətlərin tarixi mənsubiyyəti məsələsi mübahisə mövzusudur.
Alim qeyd edib ki, bu barədə Azərbaycan tarixçiləri ilə yanaşı, xarici və erməni alimlərinin əsərlərində də fikirlər mövcuddur. Onun sözlərinə görə, Hubşman, Markvart və Adons kimi alimlərin əsərlərində bu məsələlərlə bağlı müxtəlif elmi yanaşmalar öz əksini tapıb.