“Azəristiliktəchizat”: Payız-qış mövsümünə hazırlıq işləri yekunlaşır
Bakı, 22 sentyabr, AZƏRTAC
“Azəristiliktəchizat” ASC 2026-2027-ci illər payız-qış mövsümünə hazırlığa dair işləri yekunlaşdırmaq üzrədir.
ASC-dən AZƏRTAC-a bildirilib ki, “Azəristiliktəchizat”ın balansında 549 qazanxana, 87 istilik məntəqəsi, 2 yüksəldici nasos stansiyası fəaliyyət göstərir. Bu istilik təchizatı obyektləri üzrə 1299 qazan qurğusu, 3326 dəst nasos avadanlığı, 986 kilometrə yaxın magistral və məhəllədaxili istilik xətləri istismar olunmaqla, ümumilikdə 88 mindən çox tənzimləyici və nizamlayıcı armatur, avadanlıq və qurğulara xidmət göstərilir.
“Azəristiliktəchizat”ın istilik təchizatı obyektlərinin, o cümlədən mövcud qazanxana, istilik şəbəkələri, nəzarət ölçü cihazları və avtomatika, qaz, elektrik, nəqliyyat təsərrüfatları və digər istehsal təyinatlı avadanlıqların etibarlığının və dayanaqlığının təmin edilməsi məqsədilə mövsümə hazırlıq tədbirləri çərçivəsində 965 min 864 metr istilik kəmərləri hidravlik sınaq aparılmaqla təkrar yoxlanılıb, 11 min metr müxtəlif diametrli istilik xətləri və 752 ədəd dirsək dəyişdirilərək yenilənib, 30 qazan, 5 ədəd nasos, 224 ədəd siyirtmə əsaslı, 160 ədəd qazan, 433 ədəd nasos, 4922 ədəd siyirtmə, 529 ədəd mühərrik cari təmir edilib, 142 ədəd istilik mübadilə aparatları kimyəvi və yaxud mexaniki üsulla, 1131 ədəd qazanın qızma səthi mexaniki üsulla təmizlənib. Bundan başqa, 281 ədəd siyirtmə, 71 ədəd ventil, 22 dəst nasos, 30 ədəd əks klapan, 3 mühərrik yenisi ilə əvəz olunub.
Bundan başqa, 60 kilometr yeraltı qaz xətti, 75 kilometr yerüstü qaz xətti yoxlanılıb, 298 metr yeni qaz xətti quraşdırılıb, 543 ədəd qaz siyirtmələri, qazkəsici klapanlar, qaz ventilləri təftiş olunaraq istismara hazır vəziyyətə gətirilib.
“Azəristiliktəchizat”ın strukturuna daxil olan mərkəzləşdirilmiş xidmətlər tərəfindən 2025/2026-cı il payız-qış mövsümü ərzində qazanxanaların və istilik məntəqələrinin fəaliyyəti və təhlükəsiz istismarının təmin edilməsi ilə bağlı sifarişlər və planlı texniki baxış daxil olmaqla elektrik təsərrüfat xidməti üzrə 869 sayda, mexaniki təmir xidməti üzrə 315 sayda, istilik mübadilə aparatları və su hazırlığı xidməti üzrə 107 sayda, nəzarət ölçü cihazları və avtomatika xidməti üzrə 1253 sayda birbaşa olaraq qazanxana və istilik məntəqələrində planlı və sifariş əsasında texniki xidmət göstərilib.
Bundan başqa, cəmiyyətin daxili resursları hesabına Sumqayıt şəhərində 11 saylı orta məktəbə və Sabunçu rayonu, 80 saylı məktəbə, həmçinin 287 saylı uşaq bağçasına xidmət göstərən köhnə tipli qazanxanalar müasir avadanlıqlar quraşdırılmış modul tipli qazanxanalarla əvəz edilib, İsmayıllı rayonunda yaşayış binalarına xidmət qazanxanada istismar müddəti başa çatmış divar tipli qazanlar 0,35 Qkal/saat gücündə yeni qazanxana ilə əvəz edilib.